...

Azərbaycanda dayə işləmək üçün xüsusi mexanizm tətbiq edilməlidir

Cəmiyyət Materials 6 Mart 2012 17:25 (UTC +04:00)
Azərbaycanda dayə kimi işləmək istəyənlərin yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin xətti ilə işə götürülməsi təklif olunur.
Azərbaycanda dayə işləmək üçün xüsusi mexanizm tətbiq edilməlidir

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir K.Zərbalıyeva, İ.İsabalayeva/

Azərbaycanda dayə işləmək istəyənlərin yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin xətti ilə işə götürülməsi təklif olunur.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, dayəlik xidmətinin təşkilinə nəzarət mexanizmi olmadığından müəyyən neqativ hallar baş verdikdə məsuliyyət daşıyan orqanı müəyyənləşdirmək mümkün olmur.

Bu sahəyə nəzarət mexanizminin olmasını vacib sayan millət vəkili hesab edir ki, dayə kimi fəaliyyət göstərənlər peşəkar olmalı və bu sahə üzrə müəyyən təhsil almalı, müvafiq təhsil sənədi və sertifikat əldə etməlidirlər.

Dayə işləmək istəyənlər ya müəyyən kurslarda oxumalı, ya da müəyyən təhsil ocağını bitirməlidirlər.

Musa Quliyevin fikrincə, vətəndaşlar da kurs keçmiş, sertifikat almış, bu iş üçün müəyyən yararlılıq keyfiyyətləri olan şəxsləri dayə işinə cəlb etməyə çalışmalıdırlar. Dayə işləyənlərlə işəgötürən tərəf arasında müqavilə də bağlanılmalı, ondan işin keyfiyyətinə zəmanət verən sənəd tələb olunmalıdır.

"Biz heç vaxt düşünmürük ki, peşəkarı işə götürək. Hesab edirəm ki, dayələr tərəfindən uşaqlara müəyyən işgəncələrin verilməsi barədə yayılan məlumatlar cəmiyyətin məsələyə baxışının dəyişməsi üçün siqnaldır", - o deyib.

Dayəlik xidmətinin təşkili ilə bağlı qanunvericilikdə boşluğun olmaması qənaətində olan milllət vəkilinin fikrincə, bu məsələlər Əmək Məcəlləsində tənzimlənir. Amma bu işin tənzimlənmə mexanizminin olması üçün Nazirlər Kabinetinin qərarı, ƏƏSMN-in təlimatı olmalı, ali və orta ixtisas məktəbləri bu ixtisaslar üzrə kadrlar hazırlamalıdır. Çünki hazırda bu sahə üzrə kadrlara tələbat var.

Dövlət Məşğulluq Xidmətinin rəis müavini Şahbaz Xələfov isə Trend-ə bildirib ki, xidmət tərəfindən vətəndaşlara dayələr təklif edilsə də, bu məqsədlə quruma müraciət edən olmur. Dayə axtaran vətəndaşlar bunun üçün özəl məşğulluq xidmətlərinə üz tuturlar.

Məşğulluq xidməti orqanları vasitəsilə dayələrin işə götürülməsinin bir çox üstünlüklərinin olduğunu deyən Xələfov bildirib ki, dayələr nazirlik xətti ilə işə göndəriləndə onların fəaliyyətinin keyfiyyətinə təminat verilir. Bundan əlavə, müraciət edən tərəflə müqavilə bağlanılır.

Xidmət rəsmisi hesab edir ki, dayə xidmətini göstərmək istəyənlərin peşə təhsilinin olması kifayətdir. Bu peşə ilə 22-45 yaşlı insanların məşğul olması daha məqsədəuyğundur. Dayə işləmək istəyənlər həkim müayinəsindən keçməli və onların sağlamlıq durumunun, eləcə də psixi durumunun normal olması təsdiqlənməlidir. Dayə işləmək istəyənlər fiziki və ruhi cəhətdən sağlam olmalıdırlar.

Rəis müavininin sözlərinə görə, nazirlik təsdiq olunmuş proqram üzrə dayə kursları açır. Vətəndaş müraciət edəndə nazirlik həmin kurslarda hazırlanmış şəxsləri işçi kimi təklif edir. Amma xidmətin dayələrin sağlamlıq durumunu öyrənmək səlahiyyəti yoxdur. Buna görə də vətəndaşlar özləri işə cəlb etdikləri dayələrdən sağlamlıq arayışları tələb etməlidir.

"Vətəndaş müraciət edir, qeydiyyata alırıq. İşə götürən gəlir, tanış edirik, qalan məsələləri onlar öz aralarında həll edirlər. Bizim dayələrdən tibbi arayış tələb etmək səlahiyyətimiz yoxdur. Bunu vətəndaş tələb etməlidir. Qanun məşğulluğa elə bir səlahiyyət vermir. Biz yalnız vasitəçiyik. Buna görə də işə götürən dayəni aparıb həkim müayinəsindən keçirməli, onun ruhi vəziyyətini öyrənməlidir", - Xələfov bildirib.

O hesab edir ki, dayələrin fəaliyyəti ilə bağlı hər hansı neqativ hallar baş verdikdə buna görə dayə ilə yanaşı, valideyn də məsuliyyət daşıyır.

Xidmətin rəis müavininin sözlərinə görə, vətəndaş dayə ilə müqavilə bağlamalı, ona əməkhaqqı verməli, dövlətə müəyyən ödəmələr etməlidir.

"Hesab edirəm ki, belə halların qarşısını almaq üçün Dövlət Məşğulluq Xidmətinə əlavə səlahiyyətlər verilməlidir. Muzdla işləyən işçilər pensiyaya çıxdıqda normal pensiya ala bilmir. Onların pensiya hüquqları ilə bağlı problemlər yaranır. Qanunla bu səlahiyyətlər bizə verilsə, biz birja vasitəsilə dayələri işə götürə, müqavilələr bağlaya, əmək kitabçalarında qeydiyyatını apara da bilərik. Bütün dünyada bu məsələ məşğulluq xidməti orqanlarının səlahiyyətindədir. Azərbaycanda da belə bir mexanizmin yaradılması üçün Milli Məclisə təkliflər verilib", - Xələfov qeyd edib.

Qeyd edək ki, bir neçə gün öncə dayə işləyən şəxs bir yaşlı uşağı öldürmüşdü.

Xəbər lenti

Xəbər lenti