Azərbaycan, Bakı, 6 mart /Trend/
Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin rəisi Rövşən Əliyev martın 1-2-də Türkiyənin İstanbul şəhərində keçirilən Azərbaycan Respublikasının üzv olduğu Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) regionda Transmilli cinayətkarlıq meyillərinin qiymətləndirilməsi üzrə 2011-ci il üçün illik icmal hazırlanmasına dair işçi qrupunun növbəti iclasında iştirak edib.
Baş Prokurorluğun mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tədbirdə Qara dəniz regionunda korrupsiyanın qarşısının alınması və onunla mübarizə üzrə regional səylər üzrə QİƏT-in regional planının hazırlanması ilə əlaqədar üzv ölkələr tərəfindən yeniləşdirilmiş məlumatlar təqdim edilib, cinayətkarlıqla, xüsusilə onun mütəşəkkil formaları ilə mübarizə üzrə əməkdaşlığa dair işçi qrupunun növbəti iclasının gündəliyi müzakirə edilməklə üzv ölkələrin mütəşəkkil cinayətkarlıqla mübarizəyə dair statistik məlumatlarının öyrənilməsi üçün suallar toplusunun hazırlanması üzrə fikir mübadiləsi aparılıb.
Qeyd olunan iclasda Rövşən Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Respublikasında həyata keçirilmiş qanunvericilik və institusional islahatlar barədə çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.