Azərbaycan, Bakı, 29 mart /Trend/
Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan IDEA (International Dialogue for Environmental Action) kampaniyası ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində maarifləndirmək üçün mütəmadi olaraq tədbirlər keçirir. "Təmiz Şəhər" ASC öz növbəsində bu tədbirlərin keçirilməsində yaxından iştirak edir və dəstək olur.
ASC-dən cümə axşamı Trend-ə verilən məlumata görə, IDEA kampaniyası tərəfindən mart ayının ortalarından başladılan "Bakı Debat Forumu │"Yaşıl Düşüncə Kuboku-2012" çərçivəsində keçirilən təlimlərdə 15 ali təhsil müəssisəsindən 1350 gənc iştirak edib.
Məişət tullantılarının düzgün idarə olunmasının ətraf mühitin mühafizəsi sahəsində əhəmiyyətini gənclərə çatdırmaq üçün keçirilən təlimlərdə "Təmiz Şəhər" ASC-nin Layihələrin idarə olunması və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov təlim iştirakçılarına bərk məişət tullantılarının zərərsizləşdirilməsi, yandırılması, çeşidlənməsi haqqında məlumatlandırıb. Layihənin ilkin mərhələsi olan təlimlər başa çatdıqdan sonra tullantıların idarə olunması sahəsində universitlərdaxili və universitetlərarası debat turnirlər keçiriləcək.
Bundan başqa, gənc ekoloqların alternativ enerji resursları, alternativ enerji mexanizmləri və onların iş prinsipləri haqqında məlumatlılıq səviyyəsinin artırılması məqsədilə martın 22-25-də Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində "Yaşıl Enerji Düşərgəsi" keçirilib. "Təmiz Şəhər" ASC-nin Ətraf mühitin mühafizəsi sektorunun müdiri Sabit Zeyniyev düşərgə iştirakçılarına bərk məişət tullantılarının idarə olunması sahəsində mühazirə deyib.
"Təmiz Şəhər" ASC gənclər arasında "yaşıl düşüncə" tərzinin inkişaf etdirilməsi məqsədilə maarifləndirmə tədbirlərini bundan sonra da davam etdirəcək.