Sonuncu abzas əlavə olunub (ilk xəbər saat 12:58-də yayılıb)
Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Milli Təhlükəsizlik Nazirliyi Gəncə şəhərində əməliyyat keçirdiyini təsdiqləyib.
MTN-in İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev Trend-ə bildirib ki, hazırda əməliyyat tədbirləri davam etdirildiyindən əlavə məlumat verilmir.
Xatırladaq ki, bu gün səhər saatlarında Gəncədə Nizami rayonu Mahrasa bağı adlanan ərazidə silahlı qruplaşmalarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında silahlı insident baş verib.
Gəncə şəhər Baş Polis İdarəsindən cümə günü Trend-ə bildiriblər ki, silahlı insident qanunsuz silahlı qruplaşmanın zərərsizləşdirilməsi zamanı baş verib. İnsident zamanı hər iki tərəfdən ölənlər və xəsarət alanlar var.
Gəncə şəhər hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə verilən məlumata görə, hadisə zamanı 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Hüquq-mühafizə orqanlarının bir əməkdaşı həlak olub, 3-ü ağır xəsarət alıb.
Qanunsuz silahlı birləşmənin 1 üzvü həlak olub, 2-si xəsarət alıb.
Hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə bildiriblər ki, həlak olan MTN-in xüsusitəyinatlı dəstəsinin hərbçisi polkovnik-leytenant Elşad Vəli oğlu Quliyevdir. Nazirliyin xəsarət alan digər 3 əməkdaşı isə Dövlət Sərhəd Xidmətinin hospitalına yerləşdirilib, vəziyyətləri orta ağır qiymətləndirilir.
Gəncədə qanunsuz silahlı birləşməni zərərsizləşdirən zaman həlak olan şəxsin kimliyi məlum olub (ƏLAVƏ OLUNUB-2)
Milli Təhlükəsizlik Nazirliyi Gəncə şəhərində əməliyyat keçirdiyini təsdiqləyib.
