...

Azərbaycanda dövlət orqanının vəzifəli şəxsi rüşvət alarkən tutulub

Cəmiyyət Materials 13 Aprel 2012 10:32 (UTC +04:00)
Azərbaycanda dövlət orqanının vəzifəli şəxsi rüşvət alarkən tutulub
Azərbaycanda dövlət orqanının vəzifəli şəxsi rüşvət alarkən tutulub

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir M.Əliyev/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Balakən rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini Əliyev Əfqan Tahir oğlunun qanunsuz hərəkətləri barədə Balakən rayon sakininin Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.

Baş Prokurorluqdan cümə günü Trend-ə bildiriblər ki, müəyyən edilib ki, Əfqan Əliyev ünvanlı dövlət sosial yardımının ayrılması barədə müraciət edən Balakən rayon sakininin adına yardımın təyini və ödənilməsi üçün ondan 400 manat rüşvət tələb edib. Bundan sonra o, həmin puldan 200 manatını almaqla, cinayət əməlini davam etdirərək 10 aprel 2012-ci il tarixdə tələb etdiyi məbləğin verilməmiş qalan 200 manatını xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Əliyevin xidməti otağına baxış keçirilərkən otaqdan iş üçün əhəmiyyət kəsb edən plastik kartların uçotu jurnalı və digər sənədlər aşkar edilərək götürülüb.

Törətdiyi cinayət əməlinə görə Əfqan Əliyev barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti