...

Azərbaycan hökuməti məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və onlara ixtisas dərəcəsinin verilməsi qaydasını təsdiq edib

Cəmiyyət Materials 4 May 2012 11:13 (UTC +04:00)
Azərbaycan hökuməti "Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və onlara ixtisas dərəcəsinin verilməsi Qaydası"nı təsdiq edib.
Azərbaycan hökuməti məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və onlara ixtisas dərəcəsinin verilməsi qaydasını təsdiq edib

Azərbaycan, Bakı, 4 may / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan hökuməti "Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və onlara ixtisas dərəcəsinin verilməsi Qaydası"nı təsdiq edib. Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Qaydalarda nəzərdə tutulur ki, ekspertə ixtisaslaşmasından, nəzəri və peşə hazırlığı səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi verilir. Məhkəmə tibb ekspertlərinə ixtisas dərəcəsi onların praktik tibb və ya əczaçılıq fəaliyyəti üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada sertifikasiyası həyata keçirildikdən sonra verilir.

İxtisas dərəcəsinin verilməsində məqsəd elmi və texniki nailiyyətlər əsasında məhkəmə ekspertizalarının aparılmasında ekspertlərin maddi və mənəvi marağını gücləndirmək və onların peşəkarlıq səviyyəsini təsdiq etməkdir.

Ekspertə ixtisas dərəcəsi Ekspert-ixtisas komissiyası tərəfindən keçirilən attestasiyanın nəticələrindən asılı olaraq verilir.

Komissiyanın tərkibi məhkəmə ekspertizası idarəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanının rəhbəri tərəfindən formalaşdırılır.

Komissiyanın tərkibinə məhkəmə ekspertizası idarəsinin rəhbəri (komissiyanın sədri) və onun müavinləri, struktur qurum rəhbərləri, müvafiq ixtisas üzrə 5 ildən az olmayan iş stajına malik olan mütəxəssislər və yerli həmkarlar təşkilatının nümayəndəsi daxil edilirlər.

Komissiyanın işinə nüfuzlu mütəxəssislər də cəlb edilə bilərlər.

Qaydalara görə, peşə hazırlığı, apardığı ekspertizaların keyfiyyəti, ekspert kimi iş stajı nəzərə alınmaqla, ekspertlərə üç ixtisas dərəcəsinin verilməsi müəyyən olunur. Bunlar yüksəkdərəcəli ekspert, birinci dərəcəli ekspert və ikinci dərəcəli ekspertdir.

Yüksəkdərəcəli ekspert ixtisas dərəcəsi ekspertiza sahəsində müəyyən ixtisas üzrə 15 il iş stajı olan, məhkəmə ekspertizasının nəzəri və praktiki problemlərini mükəmməl bilən, yüksək peşə hazırlığına malik olan, elmin müasir nailiyyətlərinə əsaslanan tədqiqat metodikalarına yiyələnmiş, mürəkkəb və çoxobyektli ekspertizaları aparmağı bacaran, profilaktik və metodik işləri fəal yerinə yetirən ekspertlərə verilir.

Birinci dərəcəli ekspert ixtisas dərəcəsi ekspertiza sahəsində müəyyən ixtisas üzrə 10 il iş stajı, zəruri nəzəri və praktiki hazırlığı olan, ekspert ixtisası üzrə mövcud metodikaları mənimsəmiş və onları praktikada tətbiq edən, mürəkkəb ekspertizaları yerinə yetirən, profilaktik və metodik fəaliyyətlə məşğul olan ekspertlərə verilir.

İkinci dərəcəli ekspert ixtisas dərəcəsi ekspertiza sahəsində müəyyən ixtisas üzrə 5 il iş stajı olan, hazırlıqlı, ekspert ixtisası üzrə mövcud metodikaları ekspertiza tədqiqatları zamanı tətbiq etməyi bacaran, mürəkkəb ekspertizaları yerinə yetirən, profilaktik və metodik fəaliyyətlə məşğul olan ekspertlərə verilir.

Ekspert ixtisas dərəcəsi almaq üçün komissiyaya ərizə ilə müraciət edir.

Komissiya ərizəyə 30 gün müddətində baxmalı və müvafiq qərar qəbul etməlidir. Komissiyanın iclas gününü komissiyanın sədri müəyyən edir.

Attestasiya hər bir namizədlə fərdi qaydada və 30 dəqiqəyədək aparılır.

Attestasiya zamanı hər bir namizədə iddiasında olduğu ixtisas dərəcəsinin tələblərinə uyğunluğunu müəyyən etmək məqsədi ilə 5 sual verilir.

Xəbər lenti

Xəbər lenti