Azərbaycan, Bakı, 4 may / Trend müxbir K.Zərbalıyeva/
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Heydər Əliyev Beynəlxalq Aeroportunda taktiki təlim keçirib.
Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Hava gəmilərində baş verən yanğınlar zamanı insanların (sərnişin və heyət üzvlərinin) xilas edilməsi və yanğının söndürülməsi" mövzusunda təlimin keçirilməsində əsas məqsəd DYMX ilə aeroportun Təhlükəsizlik Xidməti arasında fövqəladə hallar zamanı birgə fəaliyyətin təşkili, qarşılıqlı əlaqələrin qurulması, şəxsi heyətin döyüş və fiziki hazırlığının artırılması, həmçinin çevikliyinin yüksəldilməsindən ibarət olub.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Təhlükəsizlik Xidməti ilə birlikdə keçirilmiş təlim zamanı aviasiya dispetçerinin şərti olaraq havada qəza şəraitində olan hava gəmisi ilə rabitə əlaqəsinin yaradılması, lazımi məlumatların toplanması və FHN-in "112" və ya "101" zəng mərkəzinə ötürülməsi, yanğınsöndürmə və xilasetmə xidmətlərinin qüvvə və vasitələrinin aeroport ərazisində müəyyən olunmuş meydançada hazırlıq vəziyyətinə gətirilməsi, şərti olaraq hava nəqliyyatında baş vermiş yanğın qəzaları zamanı insanların təxliyyə edilməsi, təyyarənin daxilində, eyni zamanda, ətrafda baş vermiş yanğınların söndürülməsi əməliyyatları həyata keçirilib.
Təlimə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin 70-dən çox yanğınsöndürəni, Heydər Əliyev Beynəlxalq Aeroportunun Təhlükəsizlik Xidmətinin və hava gəmilərinin heyəti cəlb edilib.