...

"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirə olunacaq

Cəmiyyət Materials 4 May 2012 13:07 (UTC +04:00)
"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda müzakirə olunacaq.
"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirə olunacaq

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir M.Əliyev/

"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda müzakirə olunacaq.

Trend-in məlumatına görə, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin cümə günü keçirilən iclasında qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qanun layihəsini təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanunun ikinci oxunuşda qəbul olunduqdan ötən dövr ərzində sənədin beynəlxalq standartlara uyğunlaşdırılması üçün məsləhətləşmələr aparılıb.

Hüseynli həmçinin qeyd edib ki, müzakirə olunan qanunun icrasını birbaşa həyata keçirəcək Ədliyyə və Daxili İşlər nazirlikləri layihədə verilən təkliflərə çox konstruktiv yanaşıblar.

"Beynəlxalq standartların tətbiqi icra orqanlarına əlavə vəsaitlər, kadrlar tələb etsə də, Ədliyyə Nazirliyi və DİN verilən təkliflərə çox konstruktiv mövqe nümayiş etidriblər", - o deyib.

Layihədə həbs yerlərində saxlanılan şəxslərin hüquqi vəziyyəti, həbs yerlərində rejim və onun təmin edilməsinin əsasları müəyyən edilib.

Qanunda qeyd olunub ki, qadınlar 3 yaşınadək uşaqları öz yanlarında saxlaya bilərlər. Hamilə və ya yanında 3 yaşınadək uşaq olan qadınlar üçün yaxşılaşdırılmış maddi-məişət şəraiti yaradılır, onlar xüsusi tibbi yardım və yeməyin xüsusi normaları ilə təmin edilirlər. Gəzinti müddəti həmin qadınlar üçün normadan 2 saatadək uzadılır.

Qanunda eyni zamanda qeyd olunur ki, həbs olunmuş şəxslər həbs yerinə qəbul edildikdən qabaq 24 saat ərzində müayinədən keçirilir və nəticəsi ilə bağlı qeydiyyat aparılır.

Qanuna görə, dini ayinlərin yerinə yetirilməsi üçün həbs yerlərində müvafiq şərait yaradılır. Din xadimlərinin iştirakı ilə dini ayinlər həyata keçirilə bilər.

İclasda iştirak edən ATƏT-in Bakı Ofisinin nümayəndəsi Monika Martinez də qanun layihəsinin müzakirəsi zamanı ümumilikdə qanun layihəsinin beynəlxalq standartlara cavab verdiyi bildirib. O qanun layihəsinin hazırlanması prosesində ATƏT-in Bakı ofisi ilə mütəmadi məsləhətləşmələrin aparıldığını bildirib.

Xəbər lenti

Xəbər lenti