Azərbaycan, Bakı, 10 may /Trend/
Almaniyanın Saksoniya əyalətinin paytaxtı Drezdendə Azərbaycan xalqının ümummilli lideri, dünya miqyaslı siyasətçi, görkəmli siyasi, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Drezdendə fəaliyyət göstərən "Alm.az" Cəmiyyəti tərəfindən təşkil olunan tədbirdə azərbaycanlılarla yanaşı, Saksoniya parlamentinin deputatları, Drezden şəhər bələdiyyəsinin nümayəndələri, Saksoniyada fəaliyyət göstərən bir sıra dövlətlərin konsulluqlarının nümayəndələri, yəhudi, rus, ukrayna, qazax, tatar xalqlarının diasporlarının nümayəndələri iştirak etmişlər.
Tədbir zamanı toplaşanlara ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu haqqında ətraflı məlumat verilmiş, "Xalqın xilaskarı" sənədli filmi nümayiş etdirilmişdir.
Tədbirin rəsmi hissəsindən sonra iştirakçılara ziyafət verilmişdir.