Azərbaycan, Bakı, 15 may /Trend/
Xaçmaz rayonunda çərşənbə axşamı "Özünədəstək" - Birdəfəlik ünvanlı sosial yardım layihəsinə cəlb olunmaq üçün seçilmiş 30 aztəminatlı ailə ilə "Sosial müqavilə"lər imzalanıb və onlara müvafiq bildirişlər paylanıb.
Layihəyə cəlb olunmuş ailələrlə görüşən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov onlara öz təsərrüfatlarını inkişaf etdirmək məqsədilə bu yeni layihənin yaratdığı imkanlardan daha səmərəli şəkildə yararlanmağı tövsiyə edərək, onlara bu sahədə uğurlar arzulayıb. Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov layihənin aztəminatlı ailələrin təsərrüfatında, ümumən onların yaşayışında yaratdığı dəyişikliklərin öyrənilməsi üçün bir ildən sonra ixtisaslaşmış vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə birgə monitorinqin aparılacağını deyib. Sultanov, həmçinin bu müddət ərzində həmin ailələrin layihədən istifadə ilə bağlı təsərrüfat fəaliyyətinə daim nəzarət olunacağını, bu ailələrin lazım gəldikdə bu və ya digər formada əlavə dəstəklə təmin olunacağını deyib.
"Özünədəstək" - Birdəfəlik ünvanlı sosial yardım layihəsinə cəlb olunmuş aztəminatlı ailələrin nümayəndələri onların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün göstərilən daha bir qayğıya görə möhtərəm ölkə rəhbərinə minnətdarlıqlarını ifadə edərək, onlar üçün yaradılmış bu imkandan yararlanaraq, təsərrüfatlarını inkişaf etdirəcəklərini və yoxsulluqdan çıxacaqlarını bildiriblər. Daha sonra rayonun Köhnə Xaçmaz kəndinin sakini Alimcan Ziyayevin ev təsərrüfatına baxış keçirilib və "Özünədəstək" layihəsinə cəlb olunmaq üçün müvafiq potensiala malik olduğu nəzərə alınaraq, onun ailəsinin də bu layihəyə cəlb edilməsi qərara alınıb.
KİV-ə müsahibəsində nazir müavini İlqar Rəhimov "Özünədəstək" - Birdəfəlik ünvanlı sosial yardım proqramının icrasının aztəminatlı ailələrin daimi məşğulluğu üçün şərait yaratdığını, onların yaşayışında müsbət dəyişikliklərə səbəb olduğunu vurğulayıb. Qeyd olunub ki, ailə təsərrüfatını inkişaf etdirmək, özünütəminetmə imkanlarını artırmaq üçün müvafiq potensiallara malik olan hər bir aztəminatlı ailə bu layihəyə cəlb ediləcək.
"Özünədəstək" - Birdəfəlik ünvanlı sosial yardım layihəsi üçün Tovuz, Masallı, Xaçmaz, İsmayıllı və Bakının Nizami rayonları pilot rayonlar kimi seçilib. Layihənin ilk sınaq işlərinə 2011-ci ilin mart ayında Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Vahidli kəndində başlanılıb. Əldə olunan müsbət təcrübə əsas götürülməklə cari ilin ilk rübündə Masallı, İsmayıllı və Bakının Nizami rayonunda bu sahədə işlər davam etdirilib.
Cari ilin fevralında əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Tovuz rayonunun Vahidli kəndində "Özünədəstək" layihəsinə cəlb olunmuş ailələrlə görüşündə layihənin Ermənistanla həmsərhəd və cəbhəyanı digər kəndlərimizdə, ümumilikdə 111 kənddə mərhələli şəkildə həyata keçirilməsi qərara alınıb. Artıq Füzuli rayonunda 13 aztəminatlı ailə layihəyə cəlb olunub. Bu proqram ümumən ölkənin hər bir rayonunda icra olunacaq.
Proqrama əsasən, şəxsi yardımçı təsərrüfatlarını inkişaf etdirmək və səmərəli əmək fəaliyyəti ilə məşğul olmaq istəyən ailələrə bir il ərzində ala biləcəkləri ünvanlı sosial yardımın məbləği qabaqcadan birdəfəlik formada ödənilir. Bu məqsədlə ailə və ərazi üzrə Əhalinin sosial müdafiəsi mərkəzi arasında tərəflərin hüquq və vəzifələri qeyd edilən "Sosial müqavilə" imzalanır. Həmçinin, ailə məşğul olacağı fəaliyyətlə bağlı "Ailənin fəaliyyət planı"nı hazırlayır və 1 il ərzində həmin planda göstərdiyi öhdəlikləri icra edir. Qeyd edək ki, sosial yardım proqramlarında iştirakçıların məsuliyyətinin, onlara dövlət tərəfindən verilən yardımların effektivliyinin artırılması məqsədilə imzalanan "Sosial müqavilə"lər respublikamızda ilk dəfə tətbiq edilir.
"Özünədəstək" layihəsinə cəlb olunacaq ailələrin seçilməsində nazirlik yanında fəaliyyət göstərən, ixtisaslaşmış QHT-lərin təmsil olunduğu İctimai Şuranın üzvləri də iştirak edirlər.