Azərbaycan, Bakı, 17 may /Trend, müxbir E.İsmayılov/
Moskvada bu gün MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 56-cı iclası öz işinə başlayıb.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, iki gün davam edəcək tədbirdə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 56-cı toplantısında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.
Tədbir başlamazdan əvvəl Azərbaycan nümayəndə heyəti iştirakçılara üzərində "Avroviziya-2012" yazılmış kepkalar payladılar.
Tədbiri giriş nitqi ilə "Rusiya Dəmir Yolları" ASC-nin sədri Vladimir Yakunin açdı və 20 il ərzində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının fəaliyyətini yüksək dəyərləndirdi.
Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanıldı.
İclasın gündəliyinə Moskvada MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 20 illik fəaliyyəti haqqında; 2011-ci ilin və 2012-ci ilin I rübü ərzində dəmir yolu xətlərinin istismar işlərinin yekunları haqqında; Qatarların hərəkət cədvəlinin, yük qatarlarının və beynəlxalq istiqamətdə konteynerli vaqonların tərtibat planının işlənib hazırlanmasının yekunları haqqında; 2011-ci ildə konteynerlərin və 2012-ci il üçün yük vaqonlarının əvvəlcədən siyahıyaalınmasınn yekunları haqqında; 2011-ci ildə və 2012-ci ilin I rübündə dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar haqqında; 2011-ci ildə dəmir yolu administrasiyalarının İnformasiya-hesablama Mərkəzinin fəaliyyətinin təmin olunması məqsədilə xərclər smetasının yerinə yetirilməsinin nəticələri haqqında; Dəmir yolu Şurasının Fəxri fərmanla mükafatlandırılması haqqında; Şuranın 57-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi haqqında məsələlər müzakirə olunur.
Qeyd edək ki, geniş beynəlxalq əməkdaşlığa cəlb olunmuş Müstəqil Azərbaycan Respublikası dünyanın tərəqqipərvər dövlətləri ilə siyasi-iqtisadi əlaqələrin dərinləşdirilməsinə daim böyük önəm verir və bütün nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunaraq, səmərəli fəaliyyət göstərir. Azərbaycan dəmir yolu dünya nəqliyyat sisteminə inteqrasiya prosesini genişləndirir. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının, 1993-cü ildən Dəmir Yolları Əməkdaşlığı Təşkilatının, 1995-ci ildən Beynəlxalq Dəmir Yolları İttifaqının üzvü kimi bu qurumların toplantılarında təmsil olunur.