Azərbaycan, Bakı, 19 may / Trend müxbir K.Zərbalıyeva/
İstirahət günü, mayın 20-də Azərbaycanda hava şəraiti mülayim və isti keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir.
Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi əvəz olunacaq.
Havanın temperaturunun gecə 16-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında mayın 20-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.
Havanın temperaturunun gecə 16-21, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.