...

Ədliyyə Nazirliyi BMT-nin xüsusi məruzəçisinin penitensiar sistemdə tibb xidməti sahəsində səsləndirdiyi iradlara müansibət bildirib

Cəmiyyət Materials 25 May 2012 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir K.Zərbalıyeva/

Ədliyyə Nazirliyi BMT-nin xüsusi məruzəçisi Anand Qroverin penitensiar sistemdə tibb xidməti sahəsində səsləndirdiyi iradlara münasibət bildirib.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfael Mehdiyev cümə günü Trend-ə bildirib ki, Anand Qrover Bakıda olduğu müddətdə cəzaçəkmə müəssisələrində olub və onun istədiyi müəssisədə başçəkmə aparması üçün tam şərait yaradılıb.

Qrover cəzaçəkmə müəssisələrində olduğu müddətdə 3 müəssisənin tibb xidmətində aparılan işlərlə, müalicə prosesinin nəticələri ilə tanış olub, ayrı-ayrı məhkumlarla görüşüb.

Mehdiyev deyib ki, xüsusi məruzəçi Ədliyyə Nazirliyinin məsul əməkdaşları ilə söhbətdə bu sahəyə ciddi iradlar bildirməyib.

Qroverin penitensiar sistemdə tibb xidməti sahəsində mətbuatda səsləndirdiyi iradlara münasibət bildirən idarə rəisi deyib ki, cəzaçəkmə müəssisələrində hazırda böyük islahatlar həyata keçirilir.

"Ədliyyə Nazrliyi sistemində aparılan islahatlar çərçivəsində yeni cəzaçəkmə müəssisələri inşa edilir. Onlardan bir neçəsi təhvil verilib və ya verilmək ərəfəsindədir. O cümlədən, tibb xidmətində də geniş yenidənqurma və islahatlar aparılır. Köhnə cəzaçəkmə müəssisələrinin bağlanılması, yeniləri ilə əvəzlənməsi həyata keçirilir, müasir şəraiti olan müəssisələr tikilir", - o deyib.

Tibbi-sanitar bölmələrin işçi heyətinin ştat cədvəli üzrə tam təmin edilməməsi barədə irada gəlincə isə, Mehdiyev qeyd edib ki, 2008-ci ildən indiyədək yalnız tibb xidmətnə 140 nəfərə yaxın həkim və orta tibb işçisi işə götürülüb. Bütün cəzaçəkmə müəssisələri bu xidməti təmin etmək üçün tibb personalı ilə təmin olunub. Vakansiyalar var və hazırda həmin vakansiyalara işə qəbul şəffaf qaydada həyata keçirilir.

Cəzaçəkmə müəssisələrində saxlanılan əlilliyi olan insanlar üçün xidmətlərin olmaması ilə bağlı irada gəlincə, İdarə rəisi bildirib ki, əlil məhkumlar əlilliklərinə müvafiq tibbi yardımla təmin olunurlar.

"Ətraflarında əlillik olanlara protezlərin hazırlanması işi həyata keçirilir və bu işə Beynəlxalq Qızıl Xaç Komitəsi cəlb olunur. Müəyyən hallarda onların protezlərinin dəyişdirilməsinə, yeniləşdirilməsinə ehtiyac olur və onlar da həyata keçirilir", - nazirlik rəsmisi deyib.

Psixiatrik xidmətlərin lazımi səviyyədə təşkil olunmaması ilə bağlı fikrə münasibət bildirən Mehdiyev deyib ki, psixiatriya yardımı ilə əlaqədar bütün müəssisələrdə həkim-psixiatr, narkoloqlar mövcuddur.

"Bununla yanaşı, Müalicə Müəssisəsinin nəzdində psixiatriya şöbəsi fəaliyyət göstərir. Orada psixikasında dəyişiklik olan şəxslərin müalicəsi təmin olunur. Tələb olunan hallarda onlar Səhiyyə Nazirliyinin müvafiq müəssisəsində məcburi müalicəyə cəlb olunurlar", - o deyib.

Məruzəçinin azadlığa buraxıldıqdan sonra dustaqlar arasında vərəmin, xüsusilə də multirezistent vərəmin yayılması hallarından narahatlığını əsassız sayan Mehdiyev deyib ki, vərəmlə mübarizə sahəsində penitensiar müəssisələrdə böyük təcrübə mövcuddur.

"Bu təcrübənin və tətbiq olunan modelin nəticəsində böyük nailiyyətlər əldə olunub. Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən rezistent vərəmin profilaktikası üzrə 2011-2015-ci illər üzrə kompleks plan çap olunub", - o deyib.

Mehdiyevin sözlərinə görə, həmin planda Azərbaycanın penitensiar müəssisələrində həyata keçirilən müasir vərəmlə mübarizə modeli nümunə kimi digər ölkələrə təklif olunub.

İdarə rəisi deyib ki, indiyədək 10-a yaxın qonşu və digər ölkələr Azərbaycanda həmin təcrübənin öyrənilməsi üçün penitensiar müəssisələrə səfər ediblər. Hazırda İraq və Türkmənistan nümayəndə heyətlərinin bu təcrübəni öyrənməsi üçün təkrar səfərləri olacaq.

"Azadlığa buraxılandan sonra məhkumların müalicəsinin izlənməsi və davamının təmin olunması ilə əlaqədar 2010-cu ildən Azərbaycanda yeni bir təcrübə tətbiq olunur. Bu, 2010-cu ildə BQXK ilə birgə həyata keçirilib. 2011-2012-ci illərdə isə Sağlamlığa Xidmət İctimai Birliyi ilə bu iş görülür. Bu sahədə yaxşı nailiyyətlərimiz var və bu iş hazırda davam edir. Çalışırıq ki, cəza çəkən şəxslər azadlığa buraxılandan sonra da tam şəkildə cəzaçəkmə müəssisələrində aldıqları müalicəni davam etdirsinlər", - Mehdiyev deyib.

İdarə rəisi bildirib ki, tibb xidmətinin sivil səhiyyə sisteminə uyğunlaşdırılması ilə bağlı müvafiq işlər görülür, cəzaçəkmə müəssisələrində yeni müasir avadanlıqlar quraşdırılıb.

"Bir çox hallarda müəssisənin öz potensialı hesabına maliyyə diaqnostika işlərini həyata keçirmək mümkün olur. Qeyd etmək istəyirəm ki, cəzaçəkmə müəssisələrinin bugünkü tibb xidməti 5 il öncə olan tibb xidməti ilə müqayisə edilməyəcək səviyyədə yeniləşib. Bununla yanaşı, bəzi hallarda Penitensiar Xidmətin müəssisələrində olmayan müayinələr Səhiyyə Nazirliyinin müəssisələrində həyata keçirlir. Maqnit-nüvə rezonansı, tomoqrafiya, koronaroqrafiya, dializ prosedurları, bəzi hallarda müəyyən cərahiyyə əməliyyatları xüsusi müşayətlə Səhiyyə Nazirliyinin müəssisələrində həyata keçirilir", - nazirlik rəsmisi deyib.

BMT-nin xüsusi məruzəçisi Anand Qrover səhiyyənin maliyyələşdirilməsi, vərəmin və həbsxana və müvəqqəti saxlama təcridxanalarında səhiyyə xidmətinin, spesifik insan hüquqları aspektləri də daxil olmaqla, ölkədə sağlamlıq hüququnun həyata keçirilməsi ilə bağlı məsələləri qiymətləndirmək üçün mayın 16-dan Azərbaycanda səfərdədir.

Xəbər lenti

Xəbər lenti