...

Bakıda məcburi köçkün uşaqların problemlərinə həsr olunmuş konfrans keçirilir

Cəmiyyət Materials 8 İyun 2012 12:41 (UTC +04:00)
Bu gün Bakıda məcburi köçkün uşaqlar, dövlət qurumları və beynəlxalq təşkilatlar arasında dialoqu möhkəmləndirmək məqsədilə "Məcburi köçkün uşaq komitələri və dövlət qurumları arasında əməkdaşlıq perspektivləri" mövzusunda konfrans keçirilir.
Bakıda məcburi köçkün uşaqların problemlərinə həsr olunmuş konfrans keçirilir

Azərbaycan, Bakı, 8 iyun / Trend müxbir E.Mehdiyev/

Bu gün Bakıda məcburi köçkün uşaqlar, dövlət qurumları və beynəlxalq təşkilatlar arasında dialoqu möhkəmləndirmək məqsədilə "Məcburi köçkün uşaq komitələri və dövlət qurumları arasında əməkdaşlıq perspektivləri" mövzusunda konfrans keçirilir.

Trend-in məlumatına görə, konfrans Avropa İttifaqının maliyyələşdirdiyi "Qayıdış və yenidən məskunlaşma -qərarçıxarmada uşaqların iştirakı" layihəsi çərçivəsində keçirilir.
Konfransda Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia, "Danimarka Qaçqınlar Şurası" beynəlxalq humanitar təşkilatının Azərbaycan nünayəndəliyinin rəhbəri Boyan Kolundziya, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Nazirlər Kabineti Aparatı, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbər heyəti və nümayəndələri, Milli Məclisin deputatları, məcburi köçkün uşaq komitələri, yerli və beynəlxalq QHT əməkdaşları iştirak edir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov bildirib ki, layihənin məqsədi Azərbaycanın qayıdış və yenidən məskunlaşma proqramlarının planlaşdırılması və icrasına daxil edilən qayıdış və yenidən məskunlaşma ilə bağlı məsələrdə məcburi köçkün uşaqlara maraq, niyyət və arzularını həyata keçirmək üçün şərait yataratmaqdır.

Onun sözlərinə görə, layihə nəticəsində Bakı, Goranboy, Naftalan, Ağdam, Ağcabədi, Yevlax, Mingəçevir bölgələrində məcburi köçkün uşaqlar, onların valideynləri, müəllimlər və digər şəxslər BMT-nin Uşaq Hüquqları Konvensiyası və Məcburi Köçkünlər üzrə Rəhbər Prinsiplərdə əks olunan yenidən məskunlşma prosesindəki hüquq və imkanlar üzrə ətraflı məlumatlandırılacaqlar.

Həmçinin qayıdış və yenidən məskunlaşdırma prosesində uşaqların hüquqları barədə qərar çıxaranlar arasında məlumatlandırma artırılacaq.

Cəbhə xəttində yaranan gərginliyə münasibət bildirən Həsənov qeyd edib ki, Ermənistanın atəşkəsi pozamasından narahat olmağa dəyməz.

"Başqasının torpağına göz dikmək, başqasının hesabına yaşamaq ermənilərin xisləntindədir. Onlar bugünkü hərəkətlər, təxribatlarla heç zaman Azərbaycan dövlətini qorxuda bilməzlər. Hətta ermənilərə havadarlıq edən qüvvələr, Ermənistan diasporu da onlara yardım göstərməkdən yorulublar. Azərbaycan isə dünya qanunvericiliyi çərçivəsində fəaliyyət göstərən, dünya ilə ayaqlaşan sivil bir dövlətdir. Əminəm ki, Azərbaycan Prezidenti tezliklə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olacaq və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdacaqlar", - Həsənov deyib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia isə Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı bir sıra layihələrin həyata keçirildiyini xatırladıb.

Onun sözlərinə görə, Avropa İttifaqı sosial məsələlərin, o cümlədən uşaqlarla bağlı problemlərin həllinə böyük diqqət yetirir.

"Azərbaycan dövləti bu sahədə böyük işlər görür. İstəyirik ki, uşaqlar vətəndaş cəmiyyətinin inkişafına daha çox cəlb edilsinlər. Bu baxımdan, bu lahiyənin böyük əhəmiyyəti var. Avropa İttifaqı Azərbaycana dəstəyini bundan sonra da davam etdirəcək", - o deyib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, Azərbaycanda qaçqın və məcburi köçkün olan gənclərin digər gənclərlə bərabər inkişaf etməsi, onların potensialının üzə çıxması, yerli və beynəlxalq səviyyədə inkişaf etməsi ilə bağlı müxtəlif tədbirlər və layihələr həyata keçirilib. Torpaqların işğaldan azad edilməsindən sonra Qarabağ ərazisində böyük tikinti-quruculuq işlərinin aparılacağını deyən Babayev bildirib ki¸ gənclər bu işdə yaxından iştirak etməlidirlər.

Ombudsman Elmira Süleymanova isə bildirib ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlı müsbət istiqamətdə dönüş yaranıb, onlar üçün müasir qəsəbələr salınıb.

Ailə Qadın və Uşaqların Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, yalnız böyüklər deyil, uşaqlar da işğal olunmuş torpaqlara qayıtmaq arzusu ilə yaşayırlar. O, bu arzunun tezliklə gerçəkləşəcəyinə inandığını da diqqətə çatdırıb.

Konfrans "Danimarka Qaçqınlar Şurası" beynəlxalq humanitar təşkilatının Azərbaycan nümayəndəliyi, "Həyat" beynəlxalq humanitar təşkilatı və Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti