Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir T.Cəfərov/
İranın İsfahan şəhərində "Siman Sepahan" zavodunun 700 nəfərə yaxın işçisi artıq üç gündən çoxdur ki, zavodun həyətində tətil keçirir. Trend-in məlumatına görə, bu barədə İLNA agentliyi xəbər verir.
Məlumata əsasən, fəhlələrin etirazına səbəb vasitəçi şirkətlər tərəfindən onların maaşlarının ödənilməməsidir.
"Siman Sepahan" zavodunda 1100 nəfər fəhlə çalışır ki, onlardan 700 nəfəri müqavilə əsasında vasitəçi şirkətlər tərəfindən zavoda işə götürülüb və onların maaşlarını həmin vasitəçi şirkətlər ödəməlidir.
Qeyd edək ki, İranın Şiraz şəhərində də "118" telefon sorğu xidmətinin 100 nəfər işçisi artıq beş gündür ki, iş yoldaşlarının səbəbsiz işdən çıxarılması, əlverişsiz iş şəraiti və yeni iş müqavilələrin tərtibinə etiraz əlaməti olaraq tətil keçirirlər.
Məlumatda bildirilir ki, yeni iş müqaviləsində işçilərin maaşları 120-130 dollar aşağı göstərilir.
İran KİV-lərinin məlumatına görə, İranın digər bəzi zavod və fabriklərində də maaşların vaxtında ödənilməməsi ilə əlaqədar fəhlələr tətil edəcəklərini bildiriblər.