...

Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasının qarşısını almaq üçün yeni "qaynar xətt"in yaradılması təklif olunur

Cəmiyyət Materials 13 İyul 2012 11:13 (UTC +04:00)
Azərbaycanda yol hərəkəti və sərnişindaşıma qaydalarının pozulması ilə bağlı məlumatların müvafiq qurumlara vaxtında çatdırılması üçün "qaynar xətt" xidmətinin yaradılması təklif olunur.
Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasının qarşısını almaq üçün yeni "qaynar xətt"in yaradılması təklif olunur

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda yol hərəkəti və sərnişindaşıma qaydalarının pozulması ilə bağlı məlumatların müvafiq qurumlara vaxtında çatdırılması üçün "qaynar xətt" xidmətinin yaradılması təklif olunur.

Yolların Təhlükəsizliyinə Dəstək QHT Koalisiyasının idarə heyətinin sədri Nazir Quliyev Trend-ə bildirib ki, son dövrlər bu sahədə pozuntuların artması vətəndaşların ciddi narazılığına səbəb olub.

Quliyev deyib ki, avtobus sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, sürücülərin sərnişinlərə qarşı kobud rəftar etməsi adi hala çevrilib.

"Həmçinin, fərdi nəqliyyat sahibləri və sürücülər tərəfindən avtomobilin yüksək sürətlə idarə olunması, qadağan olunmuş səs siqnallarından istifadə olunması halları şəhər sakinlərini narahat edir. Bu hallar sakinlərin təhlükəsizliyinə ciddi təhlükə yaradır, onların normal istirahətinə mane olur", - koalisiya rəhbəri deyib.

Bu hallarla operativ mübarizə məqsədilə "qaynar xətt"in yaradılmasını zəruri hesab edən Quliyev bildirib ki, bu xidmət ya hansısa bir dövlət qurumunda yaradıla bilər, ya da sifariş əsasında hər hansı bir QHT-yə həvalə oluna bilər.

"Qaynar xətt"ə daxil olan məlumatlar toplanıb analiz olunmalı, araşdırılmalı və qaydanı pozan sürücülərə qarşı ciddi ölçü götürülməlidir. Polisin köməyi ilə həmin qayda pozucuları asanlıqla aşkar oluna bilər. "Qaynar xətt"in açılması yol polisinin keçirdiyi reydlərdən daha səmərəli nəticələr verər", - o deyib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev belə bir "qaynar xətt"in yaradılmasına ehtiyac görmür.

"Bu pozuntularla bağlı hər bir vətəndaş Daxili İşlər Nazirliyinin 102 "qaynar xətti"nə məlumat verə bilər. Bu xidmətdə kifayət qədər əməkdaş fəaliyyət göstərir. Ayrı bir "qaynar xətt"ə ehtiyac yoxdur", - şöbə rəisi deyib.

Əliyev bu fəaliyyətin hansısa bir QHT-yə həvalə olunmasını isə qeyri-mümkün sayır.

Onun sözlərinə görə, hansısa vətəndaşın şifahi məlumatı əsasında kimisə cəzalandırmaq olmaz.

"Ola bilsin, kiminsə kiminləsə şəxsi ədavəti var. Bu halda şəxs həmin "qaynar xətt"ə yalan məlumat verə bilər. Bu sahədəki pozuntuları aşkar etmək üçün şəhərdə nəzarət kameraları qoyulub. Müvafiq icra hakimiyyəti orqanları bu problemlə mübarizə aparır və bu vəzifələr dövlət tərəfindən həmin qurumlara həvalə edilib", - Əliyev deyib.

Xəbər lenti

Xəbər lenti