Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın orta məktəblərində zərərli hesab edilən 90 tematik qrup üzrə dünyanın 18 milyon veb-saytına çıxış məhdudlaşdırılıb.
İKT İnformasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, bu, Azərbaycan Təhsil Şəbəkəsində istifadə edilən "Vebsens" proqramının internet filtrasiya sistemi vasitəsilə mümkün olub.
Dünyanın məzmun üzrə aparıcı informasiya təhlükəsizliyi proqramı olan "Vebsens"də onlayn rejimdə "WebCatcher" servisi vasitəsilə zərərli hesab edilən mövzular üzrə saytlar indeksasiya edilir və avtomatik olaraq məhdudlaşdırılmış informasiya resursları qrupuna salınır. Bununla yanaşı, mütəxəssislər vasitəsilə də mütəmadi olaraq qlobal şəbəkədə internet-resurslarının analizi aparılır.
Azərbaycanda zərərli veb-rerurslar üzrə tematik qrupların müəyyən olunması "Təhsil müəssisələrində internetdən istifadənin təşkili və məzmunun süzgəclənməsi şurası" tərəfindən həyata keçirilir.
Əsasən uşaqların psixikasına mənfi təsir göstərə biləcək bütün veb-resurslar, o cümlədən pornoqrafiya, aqressiv davranış, ekstremizm, narkotik və alkoqollu içkiləri təbliğ edən və ümumiyyətlə, yetişən nəsil üçün etik və mənəvi qaydalara uyğun olmayan müxtəlif saytlara çıxış məhdudlaşdırılır.
Bununla yanaşı, texniki nöqteyi-nəzərdən kompüterlər üçün virus "hücumu" təhlükəsi olan veb-rerurslara da çıxışın qarşısı alınır.
Qlobal internetdə uşaqlar üçün təhlükələrin artdığını nəzərə alaraq, Azərbaycan Təhsil Nazirliyinin və "Intel" korporasiyasının "1 şagird: 1 kompüter" layihəsi çərçivəsində netbuklarla təmin olunmuş 2 min şagirdə "təhlükəsiz internet" paketindən yararlanmaq üçün imkan yaradılıb.
Bu paket vasitəsilə həmin netbuklardan istifadə edən şagirdlər nəinki məktəbdə, həmçinin məktəbdən kənarda da internet-filtrasiya sistemi vasitəsilə zərərli veb-resurslardan qoruna bilir.
Bununla yanaşı, Azərbaycan Təhsil Şəbəkəsinə xidmət edən "AzEduNet" təşkilatı hər bir valideyn üçün "Təhlükəsiz İnternet" paketini öz övladlarının kompüterlərinə qoşmaq imkanı da yaradıb.
Qeyd edək ki, uşaqlar üçün təhlükəsiz internet problemi dünya ölkələrində ciddi yanaşılan məsələlərdən biri hesab edilir. Məsələn, Avstraliya bu sistemin təşkilinə 126 milyon dollar vəsait ayırıb. Bu prosesə yeni başlayan Rusiyada isə bəzi hesablamalara görə 500 milyon dollar tələb olunur. Böyük Britaniyada təhlükəsiz internet problemi ilə məşğul olan "Internet Watch Foundation" təşkilatının illik büdcəsi 1 milyon funt sterlinq təşkil edir. "Internet Watch Foundation" tərəfindən istifadəçilərin hər il təxminən 40 min şikayəti üzrə araşdırmalar aparılır.