...

Bu gündən Azərbaycanda qəbul imtahanlarının keçirilməsinə başlanılır

Cəmiyyət Materials 14 İyul 2012 08:00 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.
Bu gündən Azərbaycanda qəbul imtahanlarının keçirilməsinə başlanılır

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.

Komissiyanın mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, imtahan respublikanın 6 şəhərində - Bakıda 30, Naxçıvanda 3, Gəncədə 7, Sumqayıtda 6, Şəkidə 4, Lənkəranda 4 binada keçiriləcək. Orta ümumtəhsil müəssisələrindən 2361 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 220 imtahan rəhbəri cəlb olunub.

Bu il III qrup üzrə 30831 abituriyent ərizə təqdim edib.

III ixtisas qrupu üzrə sənəd verənlərin 28151 nəfəri Azərbaycan, 2680 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 8280 nəfəri oğlanlar, 22551 nəfəri qızlardır.

Abituriyentlərin 16028-i orta ümumtəhsil məktəblərinin builki məzunudur.

12363 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 135 abituriyent xarici ölkələrin vətəndaşıdır. 183 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 2257 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.

Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənci isə 1997-ci ildəndir.

Bakı şəhərində 17797 abituriyent, Naxçıvanda 2140, Gəncədə 3585 , Sumqayıtda 3600, Şəkidə 1846, Lənkəranda isə 1863 abituriyent imtahan verəcək.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq və 3 saat ərzində aparılacaq.

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən III ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək.

III ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər.

III ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 18-dən 24-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə III ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.

Xəbər lenti

Xəbər lenti