...

Azərbaycanda orta məktəb dərsliklərinin hazırlanması ilə bağlı təkliflər açıqlanıb

Cəmiyyət Materials 24 İyul 2012 09:49 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) orta məktəb dərsliklərinin hazırlanması ilə bağlı təkliflərini açıqlayıb.
Azərbaycanda orta məktəb dərsliklərinin hazırlanması ilə bağlı təkliflər açıqlanıb

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) orta məktəb dərsliklərinin hazırlanması ilə bağlı təkliflərini açıqlayıb.

Şura sədri Elmina Kazımzadə Trend-ə deyib ki, Azərbaycanda dərsliklərin, o cümlədən tədris vəsaitlərinin hazırlanması işinin yaxşılaşdırılması üçün ilk növbədə nəşriyyatların resursları və imkanları təkmilləşdirilməlidir. Nəşriyyatlar dərsliklərin çapı ilə yanaşı, onların hazırlanmasına da kifayət qədər böyük büdcə ayırmalıdırlar.

Kazımzadənin fikrincə, bu gün Azərbaycanda dərslik müəlliflərinə, dizaynerlərə, dərslik sahəsi üzrə mütəxəssislərə ehtiyac var.

Şura sədri hesab edir ki, müəllim işləyən və repetitorluqla məşğul olan insanların dərslik yazması bu vəsaitlərin keyfiyyətinə təsir göstərir.

"Çünki dərslik yazan həm orta məktəbdə müəllim işləyirsə, həm repetitorluqla məşğul olursa və bu işlərlə yanaşı, həm də dərslik yazırsa, bu, sonda istər-istəməz dərsliyin keyfiyyətinə təsir göstərəcək. Mənə elə gəlir ki, artıq öz karyerasında müəllimlik və repetitorluqla məşğul olmuş, amma özünü sırf dərsliklərin hazırlanmasına sərf edən kadrlara ehtiyac var. Çünki indiyədək dərsliyi hazırlayan qruplar eyni zamanda bir neçə iş görüblər", - Kazımzadə bildirib.

O deyib ki, dərsliyin yazılması kifayət qədər ciddi işdir. Ona görə də, bu işi başqa işlərlə bölüşdürmək düzgün deyil.

Şura sədri təklif edir ki, nəşriyyatların nəzdində peşəkar komandalar yaradılmalı, pedaqoji redaktorlar hazırlanmalıdır. Pedaqoji redaktor nəşriyyatda yalnız pedaqoji korrektorluqla məşğul olmalı deyil, həmin vəsaiti pedaqogika cəhətdən də qiymətləndirməlidir.

Kazımzadənin sözlərinə görə, vacib məsələlərdən biri də dərsliklərin qiymətləndirmə üçün Şuraya təqdim edilmə vaxtı ilə bağlıdır. O, təklif edir ki, dərsliyin layihəsi tam hazır olmamış qiymətləndirilməlidir. Hazırda isə Şuraya qiymətləndirmə üçün tam hazır olan dərsliklər təqdim olunur.

Şura sədri bildirib ki, müstəqil qurumlar hələ yazılmamış dərslik layihəsi ilə bağlı öz tövsiyələrini verə bilərlər. Həmin müstəqil qurum özəl bir şura və ya elmi tədqiqat institutunun bir mərkəzi ola bilər.

O, hesab edir ki, nəşriyyatlar peşəkar qurum olan Avropa Təhsil Nəşriyyatları Assosiasiyasına üzv olmalıdırlar.

"Ən yaxşı dərsliklər, ən yaxşı nümunələr bu assosiasiya tərəfindən yayılır və təbliğ edilir. Amma çox təəssüf ki, bizim dərsliklə məşğul olan nəşriyyatlarımız bu peşəkar assosiasiyanın üzvü deyillər", - Kazımzadə bildirib.

Xəbər lenti

Xəbər lenti