Azərbaycan, Bakı, 24 iyul /Trend müxbir K.Zərbalıyeva/
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Tarix İnstitutunda 1918-1920-ci illərdə daşnak-bolşevik güruhu tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımlarına dair dördcildlik sənədlər toplusunun nəşri başa çatdırılıb.
İnstitutdan Trend-ə verilən məlumata görə, toplunun 1-ci cildinə 1918-ci ilin Mart soyqırımına aid sənədlər daxil edilib.
2-ci cild Gəncə quberniyasında həyata keçirilən soyqırım barədə sənədləri əhatə edir. 3-cü cild 1918-ci ilin 29 mayında yaradılan Ararat Ermənistan Respublikasının İrəvan quberniyasında həyata keçirdiyi soyqırımına dair sənədlərdən ibarətdir. 4-cü cildə daxil edilən sənədlər isə soyqırımı şahidlərinin xatirələrindən ibarətdir.
Dörd cilddən ibarət olan bu mühüm sənədlər toplusu Prezident İlham Əliyevin müvafiq tövsiyyə və tapşırıqlarına cavab olaraq hazırlanıb.