Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir M.Əliyev/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezidenturaya qəbul qaydalarını açıqlayıb.
TQDK-dan cümə günü Trend-ə verilən məlumata görə, rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər malikdirlər. Qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə aparılacaq. Namizəd tələb olunan sənədləri müvafiq sənəd qəbulu komissiyasına (SQK) təqdim edib "Namizədin elektron ərizəsi" formasını təsdiq etdirməlidir.
Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi 2012-ci il sentyabrın 8-də, ikinci mərhələsi isə 2012-ci il sentyabrın 9-da keçiriləcək. İmtahanda iştirak etmək üçün namizəd sentyabrın 5-dən 7-dək öz elektron ərizəsinə daxil olaraq, imtahanın hər bir mərhələsi üçün ayrılıqda "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidir.
İmtahanların birinci mərhələsində namizədin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinin yekun balına təsir göstərmir.
İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılır.
İxtisas seçiminə imtahanda topladığı balı baza fənləri üzrə 40-dan, ixtisas fənləri üzrə isə 50-dən az olmayan namizədlər buraxılırlar.