...

Ali məktəblərin vakant yerlərinə və kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

Cəmiyyət Materials 23 Avqust 2012 10:43 (UTC +04:00)
2012-2013-cü tədris ili üçün ali məktəblərin vakant və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçiriləcək müsabiqədə iştirak üçün ixtisas seçimi bu gün gecə saat 00.00-da başa çatır və bu müddətin uzadılması nəzərdə tutulmur.
Ali məktəblərin vakant yerlərinə və kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir İ.İsabalayeva/

2012-2013-cü tədris ili üçün ali məktəblərin vakant və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçiriləcək müsabiqədə iştirak üçün ixtisas seçimi bu gün gecə saat 00.00-da başa çatır və bu müddətin uzadılması nəzərdə tutulmur.

Bunu cümə axşamı Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Onun sözlərinə görə, müsabiqədə yalnız avqustun 19-dan 23-dək ixtisas seçimi ərizəsini təsdiqlədən abituriyentlər iştirak edə biləcəklər. İndiyədək 11120 abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib. Ərizəsini təsdiqlədənlərin 10168-i Azərbaycan, 952-i rus bölməsinin abituriyentidir.

Abituriyentlərin 2666-ı I, 2320-i II, 4907-i III, 1227-i IV ixtisas qrupu üzrə keçiriləcək müsabiqədə iştirak üçün ixtisas seçimi ərizəsini təsdiqləyib.

Bu il ali məktəblərdə 1924 plan yeri vakant qalıb. Bu il II ixtisas qrupunda qəbul planı 100 faiz yerinə yetirilib. I ixtisas qrupunda 799, III qrupda 510, IV qrupda 615 plan yeri boş qalıb.

Qeyd edək ki, ali məktəblərin cari ildə ayrılmış 33918 plan yerinə 31994 abituriyent qəbul olub. Qəbul planı 94% dolub.

Cari ildə 11 illik təhsil bazasından 54 orta ixtisas təhsili müəssisəsində 8727 plan yeri ayrılıb. Onlardan 7174-ü Azərbaycan bölməsi, 36 yer rus bölməsinin abituriyentləri üçündür. 1517 plan yerinə isə Azərbaycan və rus bölməsinin abituriyentləri üçün birgə müsabiqə keçiriləcək.

Ali məktəblərin vakant və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlər üçün müsabiqə ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən keçiriləcək.

Xəbər lenti

Xəbər lenti