...

Azərbaycanda zəlzələnin yerini və balını əvvəlcədən demək mümkün olacaq

Cəmiyyət Materials 5 Sentyabr 2012 15:09 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev çərşənbə günü Trend-ə deyib ki, artıq Azərbaycanda zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni anomal seysmik proseslərin (ASP) başlanmasını aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən 5 stansiya fəaliyyət göstərir.
Azərbaycanda zəlzələnin yerini və balını əvvəlcədən demək mümkün olacaq

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda gözlənilən zəlzələnin koordinatlarını və onun minimal balını əvvəlcədən demək mümkün olacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev çərşənbə günü Trend-ə deyib ki, artıq Azərbaycanda zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni anomal seysmik proseslərin (ASP) başlanmasını aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən 5 stansiya fəaliyyət göstərir. Həmin stansiyalar Qum adası, Neftçala, Naftalan, Şirvan və Siyəzəndədir.

İnstitut hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə birgə həmin stansiyalardan alınan informasiyaların peyk vasitəsilə mərkəzi serverə ötürülməsi və orada sinxron analiz olunması üçün iş aparır. Serverdə məlumatlar analiz edildikdən sonra artıq anomal seysmik proseslərin ocağının koordinatlarını tapmaq mümkün olacaq.

"Koordinatları təyin etdikdən sonra biz artıq deyə biləcəyik ki, təxminən filan yerdə zəlzələ gözlənilir. Koordinatı tapandan sonra məsafəyə, siqnalın amplidutasına görə zəlzələnin ən minimal gücünü də deyə biləcəyik", - Əliyev deyib.

O bildirib ki, anomal seysmik proseslərin monitorinqini aparacaq 6-cı stansiyanın Naxçıvanda quraşdırılması planlaşdırılır. Naxçıvanın həm İran, həm də Türkiyə ilə həmsərhəd olduğunu xatırladan institut direktorunun sözlərinə görə, buna görə də bu stansiya xüsusi əhəmiyyətə malik olacaq.

"Naxçıvan stansiyası Türkiyə ərazisinin çox hissəsində zəlzələni qeyd edə biləcək. Əgər Naxçıvanda bu işə yarayan, münasib yer tapılsa, az müddətdə bu stansiyasını da quraşdıracağıq", - Əliyev qeyd edib.

O bildirib ki, 6 stansiya quraşdırıldıqdan sonra bütün Azərbaycan üzrə anomal seysmik proseslərin harada baş verdiyini və onun ocağının harada olduğunu demək mümkün olacaq.

"Stansiyalar quraşdırıldıqdan sonra bütün Azərbaycan üzrə deyə biləcəyik ki, anomal seysmik prosesin mərkəzi filan yerdədir, bunun nəticəsində də zəlzələnin baş vermə ehtimalı var. Amma biz zəlzələnin baş verəcəyini dəqiq demək üçün bir necə anomal seysmik prosesin dəqiq koordinatını tapmalıyıq", - Əliyev qeyd edib.

Onun sözlərinə görə, anomal seysmik proseslərin koordinatlarının və gücünü müəyyənləşdirə bilən sistem zəlzələnin dağıdıcı təsirlərini minimumuma endirməyə imkan verəcək.

Stansiyaların Azərbaycandan kənardakı hansı ərazilərə qədər anomal seysmik proseslərin ocağının koordinatlarını təyin edə biləcəyinə gəldikdə, Əliyev bildirib ki, bunu tam dəqiq demək çətindir. Amma bu stansiyaların regionda 500-600 kilometr radiusda olan zəlzələləri qeyd etmək imkanı var.

Əliyev deyib ki, onlar zəlzələnin dəqiq koordinatlarını müəyyənləşdirə bilməsələr də, İran və Türkiyədə zəlzələlər baş verməmişdən əvvəl anomal seysmik proseslərin başladığını qeyd ediblər.

"Məsələn, Türkiyədə zəlzələ bizdən xeyli uzaqda baş verib. Amma Şirvan və Qum adası stansiyası onu 20 saat əvvəldən qeyd etmişdi. Biz onun yerini deyə bilmirdik, bizim stansiyalar zəlzələdən bir neçə saat əvvəl yalnız anomal seysmik proseslərin başladığını göstərib. İranda zəlzələ olmamışdan əvvəl anomal seysmik prosesləri qeyd etsək də, onun məhz İranda olacağını deyə bilməzdik", - Əliyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti