...

Azərbaycanda akkreditasiyadan keçiriləcək təhsil müəssisələrinin adları açıqlanıb

Cəmiyyət Materials 12 Sentyabr 2012 14:32 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi yeni tədris ilində akkreditasiyadan keçiriləcək təhsil müəssisələrinin adlarını və onların akkreditasiyasına başlanma tarixini açıqlayıb.
Azərbaycanda akkreditasiyadan keçiriləcək təhsil müəssisələrinin adları açıqlanıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi yeni tədris ilində akkreditasiyadan keçiriləcək təhsil müəssisələrinin adlarını və onların akkreditasiyasına başlanma tarixini açıqlayıb.

Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev çərşənbə günü Trend-ə deyib ki, yeni dərs ilində 5 ali təhsil müəssisəsi akkreditasiyadan keçəcək. Bu işə noyabr ayından başlanacaq.

İlk olaraq, həmin ayda Azərbaycan Turizm İnstitutu, dekabrda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, gələn ilin martında Azərbaycan Tibb Universiteti, apreldə Azərbaycan Texnologiya Universiteti, mayda Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitutu akkreditasiyadan keçiriləcək.

Bu ilin oktyabrında Fizika-riyaziyyat və informatika təmayüllü lisey, noyabrda Göyçay rayon 7 nömrəli, Salyan rayon 1 nömrəli, dekabrda Bakı şəhər 5 nömrəli tam orta məktəbləri, dekabrda Kimya-biologiya təmayüllü lisey, Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziya, gələn ilin yanvarında S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziya, fevralda Bakı şəhər 53 nömrəli tam orta məktəbi, martda Cəlilabad rayon 1 nömrəli tam orta məktəbi, apreldə Xaçmaz şəhər akademik Z.Əliyeva adına 8 nömrəli məktəb-lisey, İsmayıllıdakı İsmayıllı kənd tam orta məktəbi akkreditasiyadan keçiriləcək.

Bu ilin oktyabrında Lənkəran Peşə Liseyi, noyabrda 3 saylı Gəncə, dekabrda 3 saylı Sumqayıt, gələn ilin yanvarında Bakıdakı 16 saylı, fevralda 5 saylı liseylər, martda Şəmkir, apreldə Şirvan, mayda Saatlı Peşə liseyləri, bu ilin dekabrında Bakıdakı 6, gələn ilin yanvarında 13 saylı, apreldə Göygöl, mayda Tərtər Peşə məktəblərinin akkreditasiyası aparılacaq.

Qeyd edək ki, təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir.

Akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və təhsil alanların digər təhsil müəssisələrində təhsilini davam etdirməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti