...

DSMF bu ilin yanvar-avqust aylarında qeyri-büdcə sektoru üzrə proqnozu 109,2 faiz icra edib

Cəmiyyət Materials 13 Sentyabr 2012 13:42 (UTC +04:00)
İlkin məlumatlara əsasən, 2012-ci ilin yanvar-avqust aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1624,6 mln. manat təşkil etmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 287,1 mln. manat və ya 21,5 faiz çoxdur.
DSMF bu ilin yanvar-avqust aylarında qeyri-büdcə sektoru üzrə proqnozu 109,2 faiz icra edib

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

İlkin məlumatlara əsasən, 2012-ci ilin yanvar-avqust aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1624,6 mln. manat təşkil etmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 287,1 mln. manat və ya 21,5 faiz çoxdur.

Fonddan Trend-ə verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 15,2 faiz və ya 117,4 mln. manat artaraq 891,9 mln. manat təşkil etmişdir.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 60,2 faizi və ya 536,9 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 18,0 faiz və ya 81,9 mln. manat artmış, proqnoz isə 109,2 faiz icra olunmuşdur.

Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir. Nəticədə, əvvəlki ilin ilk 8 ayının göstəricisi ilə müqayisədə fiziki şəxslər üzrə daxilolmalar 14,2 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 26,5 faiz artmışdır.

2012-ci ilin yanvar-avqust aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 355 mln. manat təşkil etmişdir. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,1 faiz və ya 35,5 mln. manat artmışdır.

Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 4,4 mln. manat təşkil etmişdir.

Ümumilikdə, Dövlət Sosial Müdafiə Fondu üzrə məcburi dövlət sosial sığorta haqlarının daxil olması proqnozu 100,3% icra olunmuşdur.

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan vermişdir.

Cari ilin yanvar-avqust aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1602,6 mln. manat olmuşdur. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1571,8 mln. manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 280,2 mln. manat və ya 21,7 faiz çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 22,2 faiz və ya 278,9 mln. manat artaraq 1534,9 mln. manat təşkil etmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunmuşdur. 2012-ci ilin 1 iyul tarixinə əmək pensiyalarının orta aylıq məbləği 150,8 manat olmuş, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 167,2 manat təşkil etmişdir.

2012-ci ilin yanvar-avqust aylarında əhaliyə 36,9 mln. manat məbləğində müavinət ödənilmişdir.

Xəbər lenti

Xəbər lenti