...

Azərbaycanda dəmir yolun bir hissəsi yenidən qurulur (FOTO)

Cəmiyyət Materials 20 Sentyabr 2012 09:38 (UTC +04:00)
"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
Azərbaycanda dəmir yolun bir hissəsi yenidən qurulur (FOTO)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir. Sentyabr ayında 14 km yol əsaslı təmir ediləcək.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, sentyabrın 20-27-də növbəti yol qoyuluşu həyata keçiriləcək və 7 km yol əsaslı təmir olunacaq.

Sentyabrın 20-22-də Tovuz-Qovlar mənzilində 4,2 km, sentyabrın 25-27-də 2012-ci ildə isə Qovlar-Zəyəm mənzilində 2,8 km olmaqla, cəmi 7 km yolun əsaslı təmir edilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 117 km yol əsaslı təmir olunub.

Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.

"Dəmiryolservis" MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyovun telefonla verdiyi məlumatda bildirilir ki, 20 sentyabrda səhər saatlarında Tovuz-Qovlar mənzilinin 110-cu kilometrində söküntü işlərinə başlanılıb.

İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini saatda 140 km-ə artırmaq mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti