Azərbaycan, Bakı, 27 sentyabr /Trend müxbir İ.İsabalayeva/
Son 7 ildə Azərbaycanda yeni tikilmiş, təmir olunmuş, müasir avadanlıqlarla təchiz edilmiş dövlət tibb müəssisələrinin sayı 450-ni ötüb. Trend-in məlumatına görə, bunu Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev cümə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ilin sonunadək Azərbaycanda daha 15-ə yaxın tibb müəssisənin açılışı keçiriləcək.
Ağayev deyib ki, respublikada yenidən tikilmiş, təmir olunmuş tibb müəssisələri yalnız paytaxtda fəaliyyət göstərmir. Belə müəssisələrin təqribən 60 faizi regionlardadır.
Nazir müavininin sözlərinə görə, Azərbaycan dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılmış maliyyə vəsaitinin həcminə görə bir sıra ölkələrlə müqayisədə ön yerlərdə durur. Ölkə Prezidenti də səhiyyə müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına xüsusi diqqət verir.
"Ancaq söz yox ki, görülən işlərlə yanaşı, görüləcək işlərimiz də çoxdur. Səhiyyənin qarşısına qoyulan əsas vəzifə tibb müəssisələrinin hamısının müasir avadanlıqlarla təmin olunmasıdır. Azərbaycanda 450 müəssisədə iş aparmaqla bizim işmiz bitmir ", - nazir müavini əlavə edib.