...

Azərbaycanda dərsliklərin nəşrinə yeni yaradılacaq qurum icazə verəcək

Cəmiyyət Materials 1 Oktyabr 2012 13:03 (UTC +04:00)
Azərbaycanda orta və ali məktəb dərsliklərinin əksəriyyətinin nəşrinə Nazirlər Kabineti yanında yeni yaradılacaq Terminologiya Komissiyası icazə verəcək.
Azərbaycanda dərsliklərin nəşrinə yeni yaradılacaq qurum icazə verəcək

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda orta və ali məktəb dərsliklərinin əksəriyyətinin nəşrinə Nazirlər Kabineti yanında yeni yaradılacaq Terminologiya Komissiyası icazə verəcək. Bunu bazar ertəsi Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Terminologiya Komissiyası sədrinin müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, bu məsələ Terminologiya Komissiyasının yaradılması ilə bağlı hazırladıqları təkliflərdə öz əksini tapıb.

Sadıqova deyib ki, istər şagirdlərin, istərsə də tələbələrin düzgün başa düşə bilməsi üçün dərsliklərdəki terminlər aydın, dəqiq şəkildə verilməlidir. Amma dərsliklərdə terminlərin işlədilməsi bərbad vəziyyətdədir. Terminlər elə formada yazılır ki, yenidən onların izahının verilməsinə ehtiyac yaranır. Buna görə də dərsliklərdə terminlərin düzgün yazılıb-yazılmaması yoxlanılacaq.

"Müxtəlif sahələr üzrə dərsliklər birbaşa NK yanında Terminologiya Komissiyasının rəyi ilə nəşr olunacaq. Başqa sözlə, həmin dərsliklərin elmi dil məsələsinə, sözlərin işlənməsinə birbaşa Terminologiya Komissiyası baxacaq. Bu dərsliklər müxtəlif təşkilatlara göndəriləcək. Komissiya icazə verdikdən sonra dərslik nəşr olunacaq", - Sadıqova deyib.

Sadıqova bildirib ki, AMEA-nın Rəyasət Heyətində hazırlanmış bu təklif artıq Nazirlər Kabineti tərəfindən rəy və müzakirə üçün müxtəlif qurumlara göndərilib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin bu il verdiyi fərmanla Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi üçün Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradılacaq.

Xəbər lenti

Xəbər lenti