...

Son səkkiz ildə Təhsil Nazirliyinə diplomların tanınması ilə bağlı 7 minə yaxın müraciət daxil olub

Cəmiyyət Materials 8 Oktyabr 2012 10:35 (UTC +04:00)
2004-cü il yanvarın 1-dən Təhsil Nazirliyinə diplomların tanınması ilə bağlı 6982 müraciət daxil olub, onların 804-ü ilə bağlı qeyri-qanuni fakt aşkarlanıb.
Son səkkiz ildə Təhsil Nazirliyinə diplomların tanınması ilə bağlı 7 minə yaxın müraciət daxil olub

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

2004-cü il yanvarın 1-dən Təhsil Nazirliyinə diplomların tanınması ilə bağlı 6982 müraciət daxil olub, onların 804-ü ilə bağlı qeyri-qanuni fakt aşkarlanıb. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov diplomların tanınması ilə bağlı yaradılmış yeni elektron sistemin təqdimatında deyib.

Onun sözlərinə görə, 26 saxta diplomun xarici ölkələrdən qeyri-qanuni əldə edilməsi sübuta yetirilib. Ekspert Qrupu tərəfindən şəxsi işlərin müzakirəsi nəticəsində 5637 müraciət müsbət həll edilib və onların sahiblərinə müvafiq şəhadətlərin verilməsi haqqında qərarlar qəbul edilib.

Nazir deyib ki, son illər ərzində ali təhsil almaq məqsədilə xarici ölkələrə gedən vətəndaşların sayı xeyli artıb. 2010-cu ildə diplomların tanınması ilə bağlı TN-ə 1112, 2011-ci ildə 1234, 2012-ci ildə 1618 müraciət daxil olub.

"Müraciətlər hazırda da daxil olur. Bununla əlaqədar təhsil sənədlərinin tanınması işi üzrə sektor tərəfindən vətəndaşların müraciətlərinə baxılması üzrə elektron xidmətin göstərilməsi zərurəti yaranıb", - Mərdanov qeyd edib.

Nazir bildirib ki, xaricdə təhsil almış şəxs Azərbaycanda bu və ya digər qurumda işləmək üçün diplomunu mütləq təsdiqlətməlidir.

Onun sözlərinə görə, bu gün də xaricdə təhsillə bağlı valideynləri aldatmaq istəyən müəyyən işbaz insanlar var.

"Elə insanlar var ki, müxtəlif vasitələrlə valideynləri aldadırlar, sövdələşirlər. Sonradan məlum olur ki, həmin ali məktəb öz dövlətində tanınmır. Biz də təbii ki, həmin diplomları tanımırıq", - Mərdanov deyib.

Xəbər lenti

Xəbər lenti