...

Azərbaycan polisləri ilə uşaqların dindirilməsinə dair müzakirələr keçirilib

Cəmiyyət Materials 11 Oktyabr 2012 16:52 (UTC +04:00)
Azərbaycanda hansısa bir insident baş verərkən uşaqların psixikasını zədələmədən onların necə dindirilməsi ilə bağlı polis əməkdaşları ilə müzakirələr keçirilib, onlara tövsiyələr verilib.
Azərbaycan polisləri ilə uşaqların dindirilməsinə dair müzakirələr keçirilib

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda hansısa bir insident baş verərkən uşaqların psixikasını zədələmədən onların necə dindirilməsi ilə bağlı polis əməkdaşları ilə müzakirələr keçirilib, onlara tövsiyələr verilib. Trend-in məlumatına görə, bunu Avropa Şurasının uşaq zorakılığı ilə mübarizə proqramı çərçivəsində Milli Məclisdə keçirilən dəyirmi masada proqramın Azərbaycan üzrə koordinatoru Sevinc Fətəliyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bu proqramın həyata keçirildiyi ötən dövr ərzində preventiv maarifləndirici işlər görülüb, bir sıra tədbirlər keçirilib.

"Həmçinin məktəb psixoloqları ilə görüşlər təşkil edilib, uşaq zorakılığı ilə mübarizə ilə bağlı məsələlər qaldırılıb", - koordinator deyib.

Fətəliyeva bildirib ki, Azərbaycan dövləti uşaqlara xüsusi qayğı göstərir. Onun sözlərinə görə, Azərbaycan uşaqların hüquqlarının qorunması ilə bağlı bir sıra proqramlarda aktiv iştirak edir, BMT-nin uşaqlarla bağlı müvafiq konvensiyasına qoşulub.

Dəyirmi masada iştirak edən Almaniyanın Psixologiya Mərkəzinin əməkdaşı Qalina Heinzelman bildirib ki, Azərbaycanın öz ailə institutu modeli var və burda Avropadan fərqli yanaşma olmalıdır. "Bizim istəyimiz uşaqlara qarşı zorakılığın qarşısının alınmasıdır və buna qanunlarla deyil, maarifləndirmə ilə nail olmaq olar", - o deyib.

Görüşdə iştirak edən və uşaq hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri uşaq zorakılığı ilə mübarizə sahəsində həyata keçirdikləri layihələr barədə məlumat veriblər.

Dəyirmi masa zamanı, həmçinin Azərbaycanda proqram çərçivəsində çəkilən sosial klipin təqdimatı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti