...

Gələn il Azərbaycanın dövlət büdcəsindən təhsilə və səhiyyəyə ayrılacaq vəsaitin həcmi açıqlanıb

Cəmiyyət Materials 15 Oktyabr 2012 12:34 (UTC +04:00)
Gələn il Azərbaycanda təhsil xərclərinə 1530,4 milyon manat, səhiyyə xərclərinə 666,3 milyon manat vəsait ayrılacaq.
Gələn il Azərbaycanın dövlət büdcəsindən təhsilə və səhiyyəyə ayrılacaq vəsaitin həcmi açıqlanıb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Gələn il Azərbaycanda təhsil xərclərinə 1530,4 milyon manat, səhiyyə xərclərinə 666,3 milyon manat vəsait ayrılacaq. Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin bazar ertəsi yaydığı Azərbaycanın 2013-cü il üzrə dövlət büdcəsinin layihəsində qeyd olunur.

Layihəyə görə, gələn il təhsil xərclərinə ayrılan vəsait bu ilin dövlət büdcəsinin xərclərindən 18,8 milyon manat (1,2 faiz), səhiyyəyə ayrılan vəsait isə 3,6 milyon manat çoxdur.

Gələn il səhiyyə xərcləri üçün ayrılan vəsaitin 173,9 milyon manatı məqsədli proqram və tədbirlərin maliyyələşdirilməsinə sərf ediləcək. Vərəmlə mübarizə üzrə tədbirlər proqramının maliyyələşdirilməsinə 5 milyon manat, NİV/AIDS-in qarşısının alınması və onunla mübarizəyə 3 milyon manat, səhiyyə müəssisələrinin yenidən qurulması və əsaslı təmirinə 3,3 milyon manat, ana və uşaqların sağlamlığının qorunması üzrə tədbirlərə 2 milyon manat, qanın, qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair tədbirlərə 1,6 milyon manat ayrılması nəzərdə tutulub.

İlk dəfə olaraq 2013-cü ilin dövlət büdcəsinin səhiyyə xərcləri bölməsində dağınıq skleroz xəstəliyinə tutulmuş insanların müalicə tədbirləri üçün 4 milyon manat vəsait ayrılması planlaşdırılır.

Gələn il Azərbaycanda təhsil xərclərinin 52,2 faizi natamam və orta təhsil xərclərinin, 25,8 faizi təhsil sahəsində tətbiqi tədqiqatlar və digər xidmətlərin, 3,7 faizi ali təhsil xərclərinin, 9,5 faizi məktəbəqədər və ibtidai təhsil xərclərinin, 5,3 faizi texniki-peşə məktəblərinin və liseylərin, 3,5 faizi internat və xüsusi məktəblərin maliyyələşməsinə yönəldiləcək.

Gələn ilin dövlət büdcəsində təhsil sahəsində əməkhaqqı sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması üçün 152,2 milyon, ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı 88,5 milyon manat, məktəbəqədər təhsilin maliyyələşməsinə 6,7 milyon manat, ümümtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması üçün 7,1 milyon manat, təhsil sisteminin informasiyalaşdırılmasına 13,5 milyon manat vəsait nəzərdə tutulub.

İlk dəfə olaraq 2013-cü ilin dövlət büdcəsində Azərbaycanın bəzi xarici ölkələrdəki diplomatik orqanlarında təhsil məsələləri üzrə müşavirlərin fəaliyyəti ilə bağlı xərclər və UNİSEF tərəfindən yeni 10 həftəlik pilot layihə kimi məktəbə hazırlıq təhsilinin yeni modelinin tətbiqi ilə bağlı xərclər üçün vəsait nəzərdə tutulub.

Son 5 ildə Azərbaycanın dövlət büdcəsində təhsil xərcləri 33,3 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti