...

AMEA təhsilin daha bir səviyyəsi üzrə kadr hazırlamaq istəyir

Cəmiyyət Materials 23 Oktyabr 2012 12:41 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ali təhsilin daha bir səviyyəsi - magistratura üzrə kadr hazırlığı həyata keçirmək istəyir.
AMEA təhsilin daha bir səviyyəsi üzrə kadr hazırlamaq istəyir

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ali təhsilin daha bir səviyyəsi - magistratura üzrə kadr hazırlığı həyata keçirmək istəyir.

AMEA-nın Gənclərin İntellektual İnkişafı Mərkəzinin direktoru İlqar Orucov çərşənbə axşamı Trend-ə deyib ki, artıq bununla bağlı təkliflərini müvafiq qurumlara bildiriblər.

Orucov deyib ki, magistr səviyyəsində təhsil almaq təhsilin elmi-tədqiqatlar mərhələsinə keçid deməkdir.

Onun sözlərinə görə, akademiya sistemində sırf elmi tədqiqatlarla məşğul olmaq məqsədilə yaradılmış baza heç bir ali təhsil müəssisəsində yoxdur. Buna görə də güclü maddi-texniki baza və kadr potensialı AMEA-ya magistr səviyyəsi üzrə təhsilin təşkil olunmasına imkan verir.

Akademiya rəsmisi bildirib ki, AMEA-da bütün ixtisaslar üzrə magistr hazırlığı təşkil oluna bilər, çünki burada konkret sahələr üzrə elmi tədqiqatlar aparan, ixtisaslaşmış qurumlar var.

"İstər kadr, istərsə də laboratoriya sistemləri baxımından heç bir ali təhsil müəssisəsində belə imkanlar yoxdur. Əgər bu reallaşsa, gənclərin elmə marağı daha da artar. Bu, həm də elm və təhsil arasında vəhdətin yaranmasında körpü rolunu oynaya bilər. Bununla yanaşı, AMEA sistemində çalışan alimlərin maddi imkanları yaxşılaşar", - Orucov əlavə edib.

O deyib ki, AMEA-nın özündə magistr hazırlığı aparılmasa da, bu səviyyə üzrə təhsil alan magistrlər akademiyada təcrübə keçir, elmi-tədqiqat işləri ilə məşğul olurlar.

Qeyd edək ki, hazırda Azərbaycanda magistratura səviyyəsi üzrə kadrları ali məktəblər hazırlayırlar. AMEA isə ali təhsilin ən yüksək pilləsi olan doktorantura səviyyəsi üzrə kadr hazırlığı ilə məşğuldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti