...

Regionlarda qeyri-leqal məşğulluğun aradan qaldırılması mövzusunda "dəyirmi masa" keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Noyabr 2012 15:34 (UTC +04:00)
Göyçay Regional Peşə Tədrisi Mərkəzində əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun iştirakı ilə "Regionlarda əmək bazarının inkişafı və qeyri-leqal məşğulluğun aradan qaldırılması" mövzusunda "dəyirmi masa" keçirilib.
Regionlarda qeyri-leqal məşğulluğun aradan qaldırılması mövzusunda "dəyirmi masa" keçirilib (FOTO)

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Göyçay Regional Peşə Tədrisi Mərkəzində əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun iştirakı ilə "Regionlarda əmək bazarının inkişafı və qeyri-leqal məşğulluğun aradan qaldırılması" mövzusunda "dəyirmi masa" keçirilib. Tədbirdən öncə nazir mərkəzdə təşkil olunan peşə hazırlığı kursları ilə tanış olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, "dəyirmi masa"nı giriş sözü ilə açan nazir Fizuli Ələkbərov iqtisadi fəal əhalinin əmək potensialından səmərəli istifadənin, məşğulluq səviyyəsinin davamlı olaraq artırılmasının Azərbaycanın malik olduğu inkişaf strategiyasının əsas cəhətlərindən biri olduğunu qeyd edərək, bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində 9,3 milyon əhalisi olan ölkədə regional inkişaf proqramına başlanandan, yəni 2004-cü ildən sonrakı dövrdə 1 milyon 100 minədək yeni iş yeri açılıb, işsizlik 5,3 faizədək azalıb.

"Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"nda əsas istiqamətlərdən biri peşə hazırlığı işinin dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır. Bu istiqamətdə fəal tədbirlərdən biri kimi, vətəndaşların peşə-əmək qabiliyyətinin artırılması məqsədilə son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin nəzdində olmaqla 2007-ci ildən etibarən Bakı, Naxçıvan və Göyçay şəhərlərində yeni Regional Peşə Tədrisi mərkəzləri yaradılıb. Həmin mərkəzlərdə cari ilin 9 ayı da daxil olmaqla ötən müddətdə 9600-dən çox, o cümlədən Göyçay Regional Peşə Tədrisi Mərkəzində 2600-ə yaxın vətəndaşın yeni peşələrə yiyələnməsi təmin olunub.

Bu gün Dövlət Məşğulluq Xidməti tərəfindən əmək bazarında tələbat olan ümumilikdə 50-dən çox peşə üzrə hazırlıq kursları təşkil edilir. Dünya Bankı ilə birgə icra olunan Sosial Müdafiənin İnkişafı layihəsi çərçivəsində həmin peşələrdən 15-i məhz modul tədris üsulunda aparılır. Növbəti ildən daha 40-dək peşə modul üsulunda tədris ediləcək.

Regional Peşə Tədrisi mərkəzlərinin iqtisadi fəal vətəndaşların əmək bazarına çıxışının asanlaşdırılmasında, işəgötürənlərin işçi qüvvəsinə olan tələbatının ödənilməsində mühüm rolu nəzərə alınaraq, digər bölgələrdə də belə mərkəzlərin yaradılması nəzərdə tutulur.

Həmçinin, Dövlət Məşğulluq Xidməti tərəfindən 2008-ci ildən başlayaraq orta ümumtəhsil məktəblərində peşəyönümü məsləhətləri verilir ki, bu da gənc nəslin gələcək peşə və ixtisas seçimində, beləliklə, uğurlu karyera qurmasında önəmlidir. Təkcə cari ilin 9 ayında 74556 nəfər yuxarı sinif şagirdlərinə peşəyönümü məsləhətləri verilib.

Qeyri-leqal məşğulluq hallarının aradan qaldırılması sahəsində görülən işlərdən də söz açılaraq bildirilib ki, başlıca hədəf son işçiyə qədər əmək müqaviləsinin bağlanılmasını, onun öz əmək hüquqlarına, o cümlədən gələcəkdə sosial təminat sistemi ilə əhatə edilmək hüququna malik olmasını təmin etməkdir.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis əvəzi Məhərrəm Məhərov, ayrı-ayrı işəgötürənlərin çıxışları dinlənilib, peşə hazırlığı işinin təkmilləşdirilməsi, qeyri-leqal məşğulluğun aradan qaldırılması sahələrində görülən işlər, qarşıda duran vəzifələr müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti