Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir M.Əliyev/
Növbəti il üçün Azərbaycanda həkimlərin əməkhaqları hökmən artırılmalıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli çərşənbə günü parlamentdə 2013-cü il dövlət büdcəsinin müzakirəsində bildirib.
O qeyd edib ki, ümumilikdə büdcə layihəsində səhiyyə və sosial müdafiə sisteminə kifayət qədər vəsait ayrılır.
"Faiz etibarilə sosial sahələrə ayrılan vəsaitin həcminin az miqdarda artırılması bir çox maliyyə tutumlu layihələrin artıq başa çatması ilə əlaqədardır. Xüsusən, sosial sahələrə ayrılan vəsaitin səmərəli istifadə olunması üçün son illərdə xeyli işlər görülüb. Lakin eyni zamanda həkimlərin maaşı hökmən artırılmalıdır", - komitə sədri deyib.
Rəcəbli Azərbaycanda sosial sahələrin daim diqqət mərkəzində olduğunu vurğulayıb.
Eyni zamanda, o, növbəti il üçün dövlət büdcəsi layihəsində mənzil və kommunal təsərrüfat sahəsinə ayrılan vəsaitin azaldılmasından narahatlığını bildirib.