...

Azərbaycanda orta məktəblərdə variativ dərsliklərdən istifadə genişləndirilə bilər

Cəmiyyət Materials 22 Noyabr 2012 12:13 (UTC +04:00)
Azərbaycanda orta məktəb şagirdləri üçün variativ dərsliklərin istifadə genişləndirilə bilər.
Azərbaycanda orta məktəblərdə variativ dərsliklərdən istifadə genişləndirilə bilər

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda orta məktəb şagirdləri üçün variativ dərsliklərin istifadə genişləndirilə bilər.

Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı Trend-ə deyib ki, variativ dərsliklərin istifadəsinin genişləndirilməsi dərsliklərin yaxşı yazılmasından, onların sayca çox olmasından və həmin dərsliklərin qiymətləndirmə prosedurundan necə keçməsindən asılıdır.

Şahbazlı deyib ki, TN də dünyanın hər yerində olduğu kimi, Azərbaycanda variativ dərsliklərdən istifadəni məqbul hesab edir.

Onun fikrincə, əslində, variativ dərsliklərin olması resurs bolluğu yaradar.

Nazirlik rəsmisi deyib ki, hazırda orta məktəblərdə 9 adda variativ dərsliklər var. Onlar 1-ci sinif üçün "Həyat bilgisi" və "İngilis dili", 5-ci sinif üçün "Həyat bilgisi", "Ədəbiyyat" və "Təsviri incəsənət", 8 və 9-cu siniflər üçün "Azərbaycan dili", 10 və 11-ci siniflər üçün "Biologiya" dərslikləridir.

Şahbazlının sözlərinə görə, orta məktəblərdə variativ dərsliklərdən artıq 7-8 ildən çoxdur ki, istifadə olunur. 1, 2 və 5-ci siniflərdə isə variativ dərsliklərdən bu ildən istifadə edilir.

Nazirlik rəsmisi variativ dərsliklərin alternativ dərsliklər olmadığını və bu səbəbdən də onların istifadəsinin qəbul imtahanlarına hazırlaşma zamanı problem yaratmadığını söyləyib.

Onun dediyinə görə, ölkədə alternativ dərslik olarsa, onda alternativ proqram da olmalıdır. Bu halda isə xaos yaranar, qəbul imtahanlarına hazırlaşma zamanı çətinliklər ortaya çıxar. Amma variativ dərsliklərin istifadəsi zamanı belə bir problem ola bilməz.

"Bəzən işi bilməyənlər soruşurlar ki, variativ dərsliklərin istifadəsi qəbul imtahanlarına hazırlaşanda problem yarada bilərmi? Variativ dərsliklərin proqramı eynidir, bütün mövzular hər iki dərslikdə öz əksini tapıb. Sadəcə mövzulara yanaşma, mövzularla bağlı verilən tapşırıqlar müxtəlifdir", - Şahbazlı əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti