...

Azərbaycanda süni mayalanmadan doğulan uşaqlar sağlamdırmı?

Cəmiyyət Materials 23 Noyabr 2012 11:27 (UTC +04:00)
Azərbaycanda bu gün ekstrakorporal (süni) mayalanma və embrionun köçürülməsi maddi-texniki bazası, kadr potensialı olan və Səhiyyə Nazirliyinin nəzarətində olan 2-3 özəl tibb müəssisəsində aparıla bilər.
Azərbaycanda süni mayalanmadan doğulan uşaqlar sağlamdırmı?

Azərbaycan, Bakı, 23 noyabr /Trend müxbir M.Əliyev/

Azərbaycanda bu gün ekstrakorporal (süni) mayalanma və embrionun köçürülməsi maddi-texniki bazası, kadr potensialı olan və Səhiyyə Nazirliyinin nəzarətində olan 2-3 özəl tibb müəssisəsində aparıla bilər. Bu barədə Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov bildirib.

Onun sözlərinə görə, həmin klinikalara ciddi nəzarət olmalıdır.

Eyni zamanda, Əmiraslanov qeyd edib ki, gələcəkdə bu tip əməliyyatlar iri dövlət tibb mərkəzlərində, həmçinin Azərbaycan Tibb Universitetinin klinikasında, Mama-Ginekologiya İnstitutunda aparılmalıdır.

Azərbaycanda hazırlanan "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində qeyd olunur ki, yetkinlik yaşına çatan hər bir qadının süni mayalanma və ona embrionun implantasiyası hüququ var. Qanun layihəsinə görə, ekstrakorporal (süni) mayalanma və embrionun köçürülməsi müvafiq dövlət tibb müəssisələrində, eləcə də tibb fəaliyyətinə görə xüsusi razılıq (lisenziya) almış və reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması üzrə tibbi xidmətləri göstərmək hüququ olan özəl və bələdiyyə tibb müəssislərində ixtisaslı həkimlər tərəfindən həyata keçirilir.

Qanun layihəsinin dekabr ayında Milli Məclisin müzakirəsinə çıxarılması gözlənilir.

"İstənilən halda bu işə nəzarət çox güclü olmalıdır. İnanıram ki, qanun qəbul olunduqdan sonra icra hakimiyyəti orqanları bu məsələyə ciddi yanaşacaqlar", - Əmiraslanov vurğulayıb.

Akademik eyni zamanda, süni mayalanma zamanı doğulan uşaqların guya xəstə olması barədə şayiələrə də münasibət bildirib.

"Bunu kim deyirsə, yalandır. Süni mayalanma zamanı doğulan uşaqların tam əksəriyyəti əkiz doğulur. Və onların arasında xəstəlik statisikası normal halda dünyaya gələn uşaqların xəstəlik statistikasından daha da azdır. Bunun da səbəbi ekstrakorporal mayalanma zamanı sağlam hüceyrələrin seçilməsi və uşaqların sağlam hüceyrələrdən dünyaya gəlməsidir", - millət vəkili deyib.

Donor məsələsinə gəlincə, Əmiraslanov qeyd edib ki, bu gün Azərbaycanda bu sahədə problemlə üzləşən və həkimlərə müraciət edən 3-5 min nəfərin yalnız 10 faizinə donor lazımdır və bu səbəbdən bu məsələnin şişirdilməsinə ehtiyac yoxdur. Lakin millət vəkili vurğulayıb ki, xarici ölkə vətəndaşlarının donor kimi çıxış etməsi qanunvericiliklə qadağan olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti