Azərbaycan, Bakı, 23 noyabr /Trend/
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində səfərdə olan media təmsilçiləri Türk Dövlətləri Bələdiyyələr Birliyində olublar.
Trend-in məlumatına görə, qurumun xarici əlaqələr bölməsinin rəhbəri Bayram Nur azərbaycanlı jurnalistlərə birliyin bütün türkdilli dövlətlərdə təmsil olunduğunu qeyd edib. Adıçəkilən qurum türkdilli dövlətlərin hər birinin milli məişətini əks etdirən evlərdən ibarət xüsusi muzey kompleksi yaradıb və həmin kompleks ziyaətçilərin üzünə daima açıqdır.
Fondun icraçı direktoru Vüqar Səfərli qəbul üçün təşəkkür edərək bu xeyirxah missiyada Bələdiyyələr Birliyinə yardım göstəriləcəyini vurğulayıb.
Nümayəndə heyətinin üzvləri məşhur "Saman Yolu" televiziyasının redaksiyasında da olublar. STV-nin xəbər bölümünün rəhbəri Engin Sağ təmsil etdiyi televiziyanın yayım arealı və texnoloji imkanları barədə qonaqlara məlumat verib. O, Azərbaycana xüsusi önəm verdiklərini qeyd edib. Sonra nümayəndə heyəti STV-nin texniki imkanları ilə tanış olub.
Qeyd edək ki, İstanbula səfər etmiş nümayəndə heyətinin tərkibinə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, "Xalq" qəzetinin baş redaktoru Həsən Həsənov, "Yeni Musavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova, "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı, Trend İA-nın baş redaktor müavini Sevda Həmidova, "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Paritet" qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev, "Respublika" qəzetinin baş redaktor müavini Hümmət Musayev, KİVDF-nin aparıcı məsləhətçisi Rəşad Rəhimov və Dialoq Avrasiya Platformasının və Jurnalının Azərbaycan nümayəndəsi Mustafa Saatçı daxildirlər.
Səfər noyabrın 25-dək davam edəcək.