...

Azərbaycanda uşaqların I sinfə qəbulu ilə bağlı yeni təklif hazırlanıb

Cəmiyyət Materials 29 Noyabr 2012 17:05 (UTC +04:00)
Təhsil Problemləri İnstitutu (TPİ) Təhsil Nazirliyinə uşaqların orta məktəblərin I sinfinə müsabiqə yolu ilə qəbulu ilə bağlı yeni təkliflər təqdim edəcək.
Azərbaycanda uşaqların I sinfə qəbulu ilə bağlı yeni təklif hazırlanıb

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Problemləri İnstitutu (TPİ) Təhsil Nazirliyinə uşaqların orta məktəblərin I sinfinə müsabiqə yolu ilə qəbulu ilə bağlı yeni təkliflər təqdim edəcək.

İnstitutun direktoru Abdulla Mehrabov cümə axşamı Trend-ə deyib ki, bu təkliflər TPİ-nin Təhsil Nazirliyinin sifarişi ilə Azərbaycanda uşaqların orta məktəblərin I sinfinə müsabiqə yolu ilə qəbulu ilə bağlı apardığı tədqiqatların nəticələri əsasında hazırlanıb.

Həmin təkliflərə görə, lisey-məktəb olub-olmamasından asılı olmayaraq, bu müəssisələr onların ərazisinə çox yaxın yerdə yaşayan, müsabiqədən keçməyən uşaqları da I sinfə qəbul etməlidirlər.

Bunu uşaqların hüququ hesab edən Mehrabov deyib ki, azyaşlının yaşadığı ərazidə yerləşən məktəb uşağı testlə yoxlaya bilər. Amma uşaq məktəbin tələblərinə uyğun gəlməyərək müsabiqədə nisbətən aşağı bilik səviyyəsi və bacarıq nümayiş etdirsə də, onun həmin məktəbdə təhsil almasına imkan yaradılmalıdır. Problemin həlli üçün təklif edilir ki, şagirdləri I sinfə müsabiqə ilə qəbul edən məktəblər yaxınlıqda yaşayan, amma müsabiqədən keçməyən uşaqlar üçün ayrıca qrup təşkil etməlidirlər.

"Yaxınlığındakı məktəb lisey olsa da, həmin məktəbdə I sinfə gedəcək belə uşaqlar üçün adi qaydada, minimum tələbləri ödəyən qruplar yaradılmalıdır. Belə uşaqların təhsil almasına maneçilik törətmək olmaz. Uşaq hökmən onun yaşadığı əraziyə çox yaxın olan məktəbdə təhsil almalıdır", - Mehrabov qeyd edib.

Onun sözlərinə görə, məktəb həmin uşaqlar üçün təlimi gücləndirməli və onların bilik səviyyəsi digər uşaqların bilik səviyyəsinə çatdırılmalıdır.

Qeyd edək ki, hazırda şagirdləri I sinfə müsabiqə yolu ilə qəbul edən məktəblər yaxınlıqda yaşayıb-yaşamamasından asılı olmayaraq, müsabiqədə zəif nəticə göstərən uşaqları məktəbə qəbul etmirlər. Nəticədə də belə uşaqlar bir qədər uzaqda yerləşən, amma müsabiqəsiz qəbul aparan təhsil müəssisələrində oxumalı olurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti