...

Azərbaycan nümayəndə heyəti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş görüşündə iştirak edib

Cəmiyyət Materials 12 Dekabr 2012 13:17 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş görüşündə iştirak edib
Azərbaycan nümayəndə heyəti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş görüşündə iştirak edib

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Dekabrın 11-də Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) "Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində korrupsiyaya qarşı mübarizədə siyasi iradənin gücləndirilməsi" mövzusuna həsr olunmuş yüksək səviyyəli görüşündə iştirak edib.

Trend-in məlumatına görə, Azərbaycan nümayəndə heyətinin tərkibində eyni zamanda, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və idarənin böyük prokuroru Elnur Musayev yer alıb.

Görüşdə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin yüksək dövlət vəzifəli şəxsləri, OECD-nin, Avropa Şurasının, ATƏT-in, BMT-nin Narkotiklər və Cinayətkarlıq Ofisinin, BMT-nin Beynəlxalq Antikorrupsiya Akademiyasının, "Transparency İnternational" təşkilatının, Dünya Bankının, Avropa Şurasının GRECO qrupunun, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) və digər beynəlxalq təşkilatların rəhbər nümayəndələri iştirak ediblər.

Tədbirin ilk sessiyasında çıxış edən Fuad Ələsgərov korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin davamlı iqtisadi inkişafını təmin etmək məqsədilə korrupsiyanın qarşısının alınmasına və dövlət idarəçiliyində şəffaflığın artırılmasına yönəlmiş möhkəm siyasi iradə irəli sürdüyünü və bu istiqamətdə tədbirlərin kompleks xarakter daşıdığını vurğulayıb.

Bundan əlavə, çıxışda korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın icrası ilə əlaqədar cinayət qanunvericiliyinin təkmilləşdirilərək beynəlxalq standartlara tam uyğunlaşdırıldığı, OECD, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GREGO), BMT-nin Korrupsiya əleyhinə Konvensiyanın implementasiyası çərçivəsində Azərbaycan tərəfindən görülən işlərin yüksək qiymətləndirildiyi qeyd edilib. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin fəaliyyəti, əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb. Ölkəmizdə informasiya kommunikasiya texnologiyalarının dövlət idarəçiliyində tətbiqi üzrə həyata keçirilmiş tədbirlər, vətəndaş - məmur təmas nöqtələrinin mümkün minimuma endirilməsinə xidmət edən, bu münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Ağentliyinin və "ASAN" xidmət mərkəzlərinin yaradılması barədə məlumat verilib.

"ASAN" xidmət mərkəzlərinin fəaliyyəti tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və ikitərəfli görüşlər zamanı geniş müzakirəyə səbəb olub.

Səfər çərçivəsində nümayəndə heyətinin rəhbəri OECD-nin rəhbər heyəti ilə, Litvanın Xüsusi İstintaq Xidmətinin direktor müavini, Gürcüstanın ədliyyə naziri, Rumıniyanın ədliyyə nazirinin müavini, ABŞ Ticarət Departamentinin Avropa və Avrasiya üzrə məsul rəhbər şəxsi, Türkiyənin, Rusiyanın, İsveçin, Qırğızıstanın nümayəndələri görüşlər keçirib.

Azərbaycan Respublikasında hüquq mühafizə və korrupsiyaya qarşı mübarizə sahələrində həyata keçirilmiş tədbirlər barədə təşviqat materialları görüş iştirakçılarına paylanıb.

Tədbir yüksək səviyyəli görüşün bəyannaməsinin qəbul edilməsi ilə yekunlaşıb. Bəyannamədə korrupsiyaya qarşı mübarizə sahəsində kompleks və səmərəli nəticənin əldə edilməsi üçün iştirakçı tərəflərin gələcək fəaliyyəti müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti