...

Azərbaycanda elmi dərəcələrin alınması üçün əsas çətinliyin nədən ibarət olduğu açıqlanıb

Cəmiyyət Materials 21 Dekabr 2012 11:56 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov ölkədə elmi dərəcələrin alınması üçün əsas çətinliyin nədən ibarət olduğunu açıqlayıb.
Azərbaycanda elmi dərəcələrin alınması üçün əsas çətinliyin nədən ibarət olduğu açıqlanıb

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov ölkədə elmi dərəcələrin alınması üçün əsas çətinliyin nədən ibarət olduğunu açıqlayıb.

Trend-in məlumatına görə, Kərimov cümə günü jurnalistlərə deyib ki, təqdim olunan işin müdafiəsi, ona rəylərin verilməsi o qədər də vaxt aparmır. Bu, tez həll olunur. Əsas çətinlik müdafiə üçün növbənin yaranmasıdır.

"Əsas çətinlik odur ki, hər bir müdafiə şurasına ay ərzində müdafiə oluna bilən dissertasiyaların sayını özündə əks etdirən müəyyən plan təqdim olunur. Ancaq faktiki olaraq, bəzən iddiaçıların sayı bundan qat-qat çox olur. Nəticədə növbə yaranır. Bəzən bu, illərlə davam edir", - AMEA prezidenti deyib.

Kərimov əlavə edib ki, gənc alimlər üçün elmi dərəcələrin verilmə prosedurunun sadələşdirilməsi üçün Qərb ölkələrinin təcrübəsini tətbiq etmək olar.

Onun sözlərinə görə, Qərb ölkələrində Ali Attestasiya Komissiyasına sənədlərin təqdim edilməsi proseduru həyata keçirilmir. Sadəcə olaraq, hansısa elmi tədqiqat müəssisəsinin elmi şurası işi dinləyir və müraciət edənə fəlsəfə elmlər doktoru və digər elmi dərəcələrin verilməsi barədə qərar qəbul edir.

"Əslində, bu, sadələşdirilmiş prosedurdur. Bunun da öz üstünlükləri var. Ancaq o şərtlə ki, elmi şuralar həqiqətən də obyektiv olsunlar. Əgər bu prinsipiallıq, obyektivlik təmin olunmayacaqsa, onda hesab edirəm ki, Ali Attestasiya Komissiyasının mövcudluğu zəruridir", - Kərimov deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın təhsil naziri Misir Mərdanov gənc alim nəslinin yetişməsi üçün elmi dərəcələrin verilməsi prosedurunun sadələşdirilməsini təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti