...

İstedadlı əlillərlə bağlı yeni veb-sayt təqdim olunub (FOTO)

Cəmiyyət Materials 26 Dekabr 2012 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə "Konstitusiya" Araşdırmalar Fondu tərəfindən hazırlanan "İstedadlı əlillərin cəmiyyətə inteqrasiyasına yardım göstərilməsi ilə onların yaradıcılıq imkanlarının təbliği" layihəsi çərçivəsində hazırlanan veb-saytın təqdimat mərasimi keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxsləri, nazirlik yanında İctimai Şuranın üzvləri, əlil ictimai təşkilatlarının rəhbərləri və yaradıcı əlillər iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, müasir dünyada istedadlı əlillərin yaradıcılıq işlərinin təbliğində İKT-dən geniş istifadə edilir, çünki İKT istedadlı əlillərin yaradıcılığını ölkə sərhədlərindən kənarda da daha geniş miqyasda təbliğ etməyə, həmçinin daha böyük və müxtəlif yaş qruplarına, fərqli baxışlara malik auditoriyanı əhatə etməyə imkan verir. Layihə çərçivəsində MDB təcrübəsində ilk dəfə olaraq istedadlı əlillərin sənət nümunələri və onların özləri haqqında məlumatları əhatə edən www.menbacariram.com və www.nobarriers.az saytları yaradılıb, həmçinin "Mənim möcüzəli dünyam" adlı albom-kataloq nəşr olunub.

Albom-kataloqda 51 müəllifin əsərləri, əl işləri toplanıb və onlar haqqında Azərbaycan, rus, ingilis dillərində məlumatlar dərc olunub. Eyni zamanda, əlilliyi olan şairlərin şeirlərindən ibarət "Ümidlər, arzular..." adlı şeirlər toplusu nəşr edilib. Layihənin icrası ilə bağlı Bakı şəhəri və bölgələrdə, həmçinin Naxçıvan Muxtar Respublikasında 94 fotossesiya aparılıb. Ümumilikdə 1800-dən çox fotoşəkil çəkilib. 78 istedadlı əlil haqqında məlumat toplanaraq rus və ingilis dillərinə tərcümə edilib.

Qeyd edək ki, sözügedən layihə dövlət sifarişi əsasında əlillərin sosial reabilitasiyası sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən icra olunan ilk layihələrdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti