Azərbaycan, Bakı, 27 dekabr /Trend/
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovun rəhbərliyi ilə 2012-ci ildə su təchizatı və kanalizasiya sektorunda görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, su təchizatı və kanalizasiya sektorunda görülmüş işlərə toxunan Hüseynov bildirib ki, dövlət proqramlarına uyğun olaraq, bütün şəhər və rayon mərkəzləri, eləcə də Bakıətrafı kənd və qəsəbələrin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Bu sahədə işlərin bir hissəsi layihə mərhələsindədir. 23 şəhər və rayon mərkəzi, eləcə də 277 kənd və qəsəbə üzrə işlərə isə artıq başlanılıb. Hətta bəzi layihələr üzrə işlərin ilkin mərhələsi uğurla başa çatmışdır.
"Azərsu" ASC-nin sədri Bakı şəhərinin və Abşeron yarımadasının içməli su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə görülən işlərə toxunaraq qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxtın su təchizatında ciddi dönüş yaranıb: "Son 1 ildə Bakı şəhərində 300 min nəfər fasiləsiz içməli su ilə təmin olunub, gələn ilin əvvəllərində isə Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının 200 mindən çox sakini 24 saat su alacaq. 2012-ci ildə 400 min nəfərin su təchizatı əsaslı şəkildə yaxşılaşıb ki, onların da 30 minindən çoxu bölgələrdə yaşayan kənd sakinləridir. Bu tədbirlər nəticəsində 95 məhəllədaxili nasos stansiyasının fəaliyyəti dayandırılıb və bu da ayda təxminən 1 milyon kilovat-saat elektrik enerjisinə qənaət deməkdir. Bizim əsas məqsədimiz bütün istehlakçıları fasiləsiz içməli su ilə təmin etməkdir. Bakı şəhərində yeni su anbarlarının tikilməsi, magistral və paylayıcı su xətlərinin yenidən qurulması ilə fasiləsiz su alanların xüsusi çəkisi 95 faizə çatdırılacaq".
Dünyanın ən böyük ultrasüzgəcli qurğusunun Azərbaycanda tikildiyini söyləyən Hüseynov rekord müddətə istismara veriləcək qurğunun Abşeron yarımadasının içməli su təchizatında müsbət dəyişikliklər yaradacağını deyib. Onun sözlərinə görə, Abşeron yarımadasını əhatə edən Master Planı üzrə işlər başa çatmaq üzrədir və layihə yekunlaşdıqdan sonra içməli su, kanalizasiya və yağış sularının axıdılması layihələri üzrə tikinti və istismar prosesləri asanlaşacaq.
İstehlakçılara verilən içməli suyun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Bakı şəhərində tikilən Mərkəzi Laboratoriyanın yeni inzibati binasında son tamamlama işləri gedir və bina 2013-cü ilin birinci rübündə istismara veriləcək. "Ötən müddətdə suyun tədqiq olunan parametrlərinin sayı 25-dən 40-a çatdırılsa da, mövcud cihazlar tələblərə cavab vermir. Yeni laboratoriya ən müasir avadanlıqlarla təmin olunacaq. Artıq həmin cihazlarla işləmək təcrübəsi olan kadrların hazırlığı istiqamətində ciddi iş gedir. Bundan sonra əsas hədəf laboratoriya üçün beynəlxalq İSO standartlarının alınması olacaq", - sədr deyib.
Cəmiyyətin rəhbəri "AzersuCİS" layihəsinin "Bentley" Beynəlxalq Layihə Müsabiqəsində birinci yerə və ASC-nin Böyük Britaniyanın Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutunun Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçid istiqamətində ən yüksək mükafatına layiq görülmələrini ilin mühüm uğurları adlandırıb.
2012-ci ildə "Azərsu" ASC-nin fəaliyyətini qənaətbəxş qiymətləndirən Hüseynov qarşıda duran vəzifələr barədə tapşırıq və göstərişlərini verib: "Biz 2013-cü ildə daha çox işləməli olacağıq. Ölkənin bütün rayon mərkəzlərində su və kanalizasiya layihələri icra olunacaq, bəzi ərazilərdə işlər yekunlaşacaq".