Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İ.İzzət/
20 Yanvar faciəsi TRT-nin dörd kanalı vasitəsilə xəbər və proqram şəklində bütün dünyaya çatdırılacaq.
TRT-nin Bakı Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, bu proqramlar TRT Xəbər, TRT Türk, TRT Avaz və TRT Anadolu kanallarında yayımlanacaq.
Nümayəndəliyin rəhbəri Yüksel Değercan bildirib ki, 1990-cı il yanvarın 20-də Bakının küçə və meydanlarında qəhrəmanlıq dastanı yazılıb.
"Əsrlər boyu olduğu kimi, azadlıq yolunda bir qəhrəmanlıq, şücaət göstərildi. 1990-cı il yanvarın 20-də 132 əli silahsız azərbaycanlı azadlıq yolunda şəhid oldu. Bu yaşanan faciə Azərbaycana azadlıq zəfərini gətirdi", - Değercan deyib.
Onun sözlərinə görə, TRT 20 Yanvar gecəsi yaşanan faciəni "Qərənfillərin göz yaşı" və "Qafqazlardan əsən yellər" proqramları vasitəsilə fərqli şəkildə ekranlara gətirəcək.
TRT Avaz kanalının koordinatoru Adnan Suer isə bu tarixin türk dünyasının zəfər günü kimi qeyd ediləcəyini, 20 Yanvar gününü bütün Azərbaycan kanalları kimi qeyd edərək gün ərzində yayımlar vasitəsilə qardaş Azərbaycanın dərdinə şərik olacaqlarını deyib.
"Qərəfillərin göz yaşı" adlı proqramda bir gecədə taleyi dəyişən, o gecədən bu günümüzədək sevgi hekayəsi və qərənfil əfsanəsi kimi dillər əzbəri olan Fərizə və İlham dastanından bəhs ediləcək", - Suer əlavə edib.