Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elm və təhsilin əlaqələrini daha da gücləndirmək məqsədilə elmi tədqiqat institutlarında ali məktəblərin baza kafedralarını yaradacaq. Trend-in məlumatına görə, bununla bağlı cümə günü AMEA Rəyasət Heyətinin Yer Elmləri Bölməsinin 2012-ci ilin yekunlarına həsr edilmiş iclasında qərar verilib.
AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə bildirib ki, Akademiya təhsilsiz inkişaf edə bilməz.
"Ona görə də biz qərar qəbul etmişik ki, bakalavr və magistrləri Geologiya İnstitutunda işə götürək. Hazırda Geologiya İnstitutunda 20 bakalavr və magistr çalışır. Onların diplom işləri AMEA-nın elmi istiqamətlərinə uyğun verilir", - Əlizadə deyib.
O qeyd edib ki, AMEA-da magistraturanın yaradılması zəruridir. Lakin hələlik bu məsələ öz həllini tapmayıb.
"Ona görə də təhsillə elmin əlaqəsini daha da yaxınlaşdırmaq üçün Geologiya İnstitutunda Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) baza kafedrası yaradılıb. Bu baza kafedralarının digər institutlarda da yaradılması AMEA-nın ümumi inkişafına kömək edəcək", - vitse-prezident əlavə edib.