Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda elmi dərəcə almaq istəyən şəxslər üçün bəzi tələblərin ləğv edilməsi təklif edilib.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı Trend-ə bildirib ki, hazırda elmi dərəcələrin alınması həddindən artıq çətindir. Buna görə də bu prosedur çox sadələşdirilməlidir. Bunun üçün isə hüquqi-normativ sənədlərdə dəyişikliklər edilməlidir.
Naxçıvanlı deyib ki, hazırda elmi dərəcə almaq istəyən namizədlər üçün əsas tələblərdən biri elmi məqalələrin xarici ölkələrin nəşrlərində çap edilməsidir. Bu, iddiaçılardan mütləq şəkildə tələb edilir.
Qeyd edək ki, hazırda Azərbaycanda fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən iddiaçıların xarici ölkələrin nərşlərində ən azı 1, elmlər doktoru dərəcəsi almaq istəyənlərin isə 3 məqaləsi çap edilməlidir. Həmin jurnallar mütləq Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilməlidir.
Bunu düzgün saymayan millət vəkilinin sözlərinə görə, namizədin məqaləsinin xarici nəşrlərdə çap edilməsi üçün qoyulan mütləq tələb ləğv edilməlidir. Bunun əvəzində isə iddiacı öz məqaləsini Azərbaycanda nəşr olunan beynəlxalq səviyyəli jurnallarda çap etdirə bilər.
Naxçıvanlının fikrincə, həmin jurnallar öz səviyyəsinə görə xarici nəşrlərdən hec də geri qalmır.
"Niyə məhz xarici nəşrlərə üstünlük verməliyik? Qoy, məqalə öz jurnallarımızda çıxsın. Vacib deyil ki, bu jurnal dissertantın və ya doktorantın özünün işlədiyi müəssisənin jurnalı olsun. Bizim çoxlu elmi jurnallarımız var. Onların nəyi xaricdə çap edilən jurnallardan əskikdir?" - Naxçıvanlı əlavə edib.
O qeyd edib ki, məqalənin sayına və onun xarici ölkədə nəşr edilməsinə baxmaqdansa, mövzunun aktuallığına, onun nə dərəcədə işlənilməsinə üstünlük verilməldir. Əgər mövzu aktualdırsa, həmin məqalə müasir Azərbaycan elminin inkişafına təkan verirsə, onda belə məqaləni yazanların öz işlərini müdafiə etməsinə imkan verilməlidir.
Millət vəkili onu da təklif edir ki, müdafiə şuraları bir çox institutlarda, müəssisələrdə olmalıdır.
"Bizim aspirantlar, dissertantlar işlərini qurtarırlar, təhvil verirlər, sonra da illərlə növbədə dayanırlar. Bu, nə dərəcədə düzgündür? Niyə müdafiə şuraları bir çox institutlarda, müəssisələrdə olmasın?" - millət vəkili qeyd edib.