...

Azərbaycanda abort edilməsinə xüsusi yaradılmış həkimlər konsiliumu qərar verəcək

Cəmiyyət Materials 21 Yanvar 2013 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar / Trend müxbir M.Əliyev/

Azərbaycanda abortun həyata keçirilməsinə xüsusi yaradılmış həkimlər konsiliumu qərar verəcək.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bazar ertəsi Trend-ə bildirib ki, parlamentin yaz sessiyasında bu məsələnin qanunvericiliyə daxil ediləcəyi gözlənilir.

Onun sözlərinə görə, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanuna təklif olunan maddədə qeyd olunub ki, uşağın 12 həftəliyindən 22-ci həftəliyinə qədər olan dövrdə sosial göstərişlərə görə abort edilməsi həkim konsiliumunun qərarı ilə həyata keçirilə bilər.

"Azərbaycanda dölün 12 həftəsinədək abort etdirmək ananın müstəsna hüququdur. Söhbət 12 həftədən 22 həftəyədək sosial göstərişlərə görə abortun edilməsindən gedir. Misal üçün kasıb ailədir və fikirləşir ki, uşağı saxlaya bilməz və yaxud hamiləlik dövründə uşağın atası vəfat edir, ana uşağı tək böyütməyi çətin hesab edir, digər halda qadın cinsi təcavüzə məruz qalıb və hamilə qaldığını gec bilir. Hazırkı dövrdə aborta qərar verən həkim uşağın valideynləri ilə razılığa gələrək əməliyyatın sosial göstərişlərə görə olduğu barədə rəy verə bilər. Lakin konsilium olduqda artıq bir neçə həkimin rəyi nəzərə alınmalıdır", - Quliyev deyib.

Komitə sədrinin müavini qeyd edib ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun qəbul olunandan sonra qanunun icrası məqsədi ilə həkim konsiliumun yaradılması ilə bağlı müvafiq qərar imzalanacaq.

Millət vəkili vurğulayıb ki, Azərbaycanda abortun qadağan edilməsindən söhbət getmir.

"Azərbaycanda abortun ümumiyyətlə, qadağan olunmasından söhbət getmir. Buna nə cəmiyyət hazırdır, nə də sosial göstəriş var. O ölkələr abortu qadağan edir ki, orada demoqrafik proseslər mənfiyə doğru gedir. Digər tərəfdən bəzi ölkələr dinin buna icazə vermədiyindən qadağa qoyur. Azərbaycan demokratik, hüquqi dövlətdir", - Quliyev deyib.

Qeyd edək ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsi Milli Məclisin payız sessiyası ərzində Sosial siyasət komitəsində üç dəfə baxılıb və plenar iclasa təqdim olunmadan təkrar işlənməsi üçün ictimai müzakirələrə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti