Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Bakıda şagirdlərin psixoloji-pedaqoji diaqnostik xəritəsinin artıq nüminəvi forması hazırlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı Trend-ə bildirib ki, şagirdin psixoloji-pedaqoji diaqnostik xəritəsinin nümunəvi forması bütün məktəblərə paylanacaq. Bu xəritəni hazırlayarkən bir neçə məqama xüsusi fikir verilməlidir.
Bunlar istifadə edilən psixoloji-pedaqoji metodikanın etibarlılığı, eyni zamanda, psixoloji-pedaqoji nəticələrin obyektivliyi kimi məsələlərdir.
Əliqızı deyib ki, qaydalara uyğun olaraq, məktəblinin məktəbəqədərki dövrü barədə bütün məlumatlar, həmçinin məktəblinin birinci sinfə qəbulu zamanı aparılan tibbi və psixoloji-pedaqoji müayinələrin nəticələri, şagirdin II-III siniflər üzrə diaqnostik məlumatları xəritədə qeyd edilməlidir. IV sinif üzrə dərinləşdirilmiş psixoloji-pedaqoji diaqnostikanın nəticələri, o cümlədən V-VIII siniflərlə diaqnostik məlumatlar, IX sinif üzrə isə psixoloji-pedaqoji diaqnostikanın yekun məlumatları da sözügedən xəritədə yer almalıdır.
Əliqızının sözlərinə görə, xəritədə yerləşdiriləcək məlumatlar arasında məzunların orta ixtisas və ya ali təhsil müəssisələrinə istiqamətləndirilməsi üzrə məktəb komissiyasının məsləhətləri, habelə XI sinfi bitirdikdən sonra məzun barədə informasiyanın qeyd olunması da vacibdir.