Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən monitorinqi aparılmış və bu qurumun Ekspert Şurasının "Azərbaycan dili" və "Riyaziyyat" (1-ci siniflər üçün) dərsliklərinə dair yekun rəyinə rəsmi cavab göndərib. Trend-in TQDK-nın saytına istinadən verdiyi məlumata görə, "Azərbaycan dili 1" dərsliyinə Təhsil Nazirliyinin göndərdiyi cavabda TQDK-nın yekun rəyində dərsliyin 35-ci səhifəsində verilən mətnlərlə bağlı göstərilmiş iradlara münasibət bildirilməyib.
Təhsil Nazirliyi TQDK-nın Ekspert Şurasının 1-ci siniflərə hərfləri öyrədənə qədər müəyyən hazırlıq işlərinin aparılması ilə bağlı iradına cavab verərək bildirib ki, yazı texnikasını öyrətmək üçün dərslik yeganə vəsait ola bilməz. Bunun üçün hüsnxət dəftərləri mövcuddur.
TQDK-nın rəyinə görə, şagirdlərin oxu vərdişlərinə mane olan əngəllərdən biri onların hələ tanış olmadığı hərflərdən müəllimlərin daha öncə istifadə etməsidir. Bu iradı qəbul edən TN bildirib ki, bu cür xətalar adətən tədris prosedində aşkarlanır və onlar dərsliyin məzmununa xələlə gətirmir.
TN eyni zamanda bildirib ki, rəyçilər dərsliyə rəy verərkən müəllim üçün metodiki vəsaiti nəzərə almayıblar. TN eyni zamanda TQDK-nın rəyçilərinin mətnlərdə canlı və emosional danışıq üslubundan istifadə etməyin əleyhinə olduğunu da nəzərə çatdırıb.
TN dərslikdəki bəzi orfoqrafik səhvlərin olması ilə razılaşıb, bəzi səhvləri isə texniki xəta kimi qəbul edib.
TN TQDK-nın "Dərslik məzmun baxımından qüsurludur: əlifbanın öyrədilməsi, oxu və yazı texnikası üzrə ilkin bacarıqların mənimsənməsi, şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsi, ən zəruri qrammatik qaydaların öyrədilməsi, tətbiq olunması, dövlət rəmzləri, xalqımızın dili, tarixi, əxlaqi-mənəvi keyfiyyətləri, mədəniyyəti, adət-ənənələri haqqında şagirdlərdə ilkin anlayışların yaradılması və təbliği baxımından dərslikdə bir sıra ciddi qüsurlara yol verilib. Dərslikdə Azərbaycançılıq, türkçülük və milli-mənəvi dəyərlər epizodik verilib, çox hallarda isə "unudulub" rəyinə belə cavab verib ki, 1-ci sinif dərsliyində dil qaydalarının verilməsi metodikaya ziddir. Oxuyub-anlama bacarığı hələ zəif olan şagirdlər bu qaydaları oxumaqla mənimsəyə bilməzlər. Odur ki, dil qaydaları üzrə standartlar metodik vəsaitdə verilmiş tövsiyələr və dərslikdəki tapşırıqlar vasitəsilə reallaşdırılır.
"Dərslikdə "b" hərfi keçərkən (s.34) Azərbaycan Respublikasının bayrağının, "g" hərfi keçərkən (s.66) dövlət gerbimizin şəkli verilib və müvafiq sözlər öyrədilib. Dərslikdə Xocalı, Qarabağ, Novruz bayramı və s. mövzularda mətnlər verilib ki, bunlar azərbaycançılıq ideyalarının təbliğinə imkan verir. Bundan əlavə, bir çox hərflər tədris olunarkən həmin hərflə başlanan işğal olunmuş rayonlarımız haqqında məlumatlar metodik vəsaitdə verilib. Bütün bunları nəzərə alaraq ekspert şurasının bu nəticəsi ilə razılaşmaq olmaz",-TN-nin cavabında bildirilib.
TQDK-nın bu dərslikdə əxlaqi, etik məsələlərin əks olunmasında da çoxsaylı qüsurların olması, bütün mətnlərdə sonda birincilərin ya polisdən, ya nənədən, ya babadan, ya müəllimdən, ya da hansısa heyvandan qorxması ilə bağlı rəyinə münasibət bildirək qeyd edib ki, müsbət keyfiyyətlərin daha qabarıq şəkildə üzə çıxması və bir sıra mənəvi dəyərlərin daha dərindən aşılanması üçün mətndə mənfi hərəkətlər və keyfiyyətlərlə konflikt yaradılması tələb olunur. Bu, istənilən bədii mətni səciyyələndirən xüsusiyyətdir.
TN-nin cavabında bildirilib ki, dərsliklə bağlı rəydə cəmi 120 irad xarakterli qeyd verilib, onlardan 18-i qəbul edilib. Dərslikdə keçilməmiş hərflərin verilməsi ilə bağlı 6, üslubi xəta ilə bağlı 1 qrammatik, orfoqrafiya ilə bağlı 2, durğu işarələri ilə bağlı 3, texniki qüsurla bağlı 3 xəta var.
TN TQDK-nın "Riyaziyyat" dərsliyi ilə bağlı iradlarının əksəriyyəti ilə razılaşmayıb.
TQDK-nın ekspertləri bu dərsliyin dilinin çox dolaşıq olduğunu, bir çox hallarda çalışmaların mətninin qəliz dildə verildiyini açıqlayıb. Amma TN bunu subyektiv irad kimi qəbul edib.
TQDK-nın dərsliyin 108-ci səhifədəki 2-ci çalışma "Kim daha çox alma yeyə bilər?" çalışmasını "Qarınqululuq" tərbiyəsi aşılayan bir çalışma kimi qəbul edib və onun dərsliyə daxil edilməsini pedaqoji baxımdan doğru saymayıb. TN isə bu rəyə belə cavab verib: "Alma уеməyə uşaqları sövq etmək nə vaxtdan qarınqululuq təbliğatı sayılır? Bu irad həm gülüş doğurur, həm də təəssüf".
TQDK-nın rəyinə görə, "Riyaziyyat dərsliiyi"ndəki bəzi mətnləri nəinki şagirdlər, hətta müəllimlər üçün çətindir. TN isə bu irada cavab olaraq bildirib ki, bu dərslik beynəlxalq təcrübə əsasında hazırlanıb. TQDK-nın ekspertləri buna nümunə kimi kimi dərsliyin 134-144-cü səhifələrindəki materialları göstəriblər. Ekspertlərin rəyinə görə, həmin səhifələrdə "qrafik forma", "barqraf", "telqarf", piktoqram" kimi anlayışlann tədrisə gətirilməsi heç cür qəbul oluna bilməz.
TN isə bu irada cavab olaraq bildirib ki, bu dərslik beynəlxalq təcrübə əsasında hazırlanıb. Barqraf, telqraf, piktoqram məlumatın tədqimi 5 il bundan əvvəl kurikulum üzrə yazılmış dərsliklərə daxil edilib. Müəllimlərlə apanlan sorğuların və summativ qimətləndirmələrin nəticələri bu təqdimat formalarının şagirdlərin yaş və fizioloji xüsusiyyətbrinə uyğun olmasını təsdiqləyir.
"Bu formalar ilk dəfə bizim dərsliklərdə tətbiq olunmayıb. Bu, dünyanın bir çox ölkələrinin dərsliklərində var və uğurla tədris edilir. Bu, həmçinin təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası yolunda bir addımdır və kurukulumun 5.1.1, 5.1.2 alt-standartlarına uyğundur",-nazirliyin rəyində bildirilib.
Qeyd edək ki, TQDK I siniflər üçün "Azərbaycan dili" və "Riyaziyyat dərsliiyini" istifadə üçün məqsədəuyğun saymayıb.