...

Azərbaycan ombudsmanı ilə FİDH arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Cəmiyyət Materials 15 Mart 2013 17:41 (UTC +04:00)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ölkəmizdə səfərdə olan İnsan Hüquqları üzrə Beynəlxalq Federasiyanın (FİDH) nümayəndələrini qəbul edib.
Azərbaycan ombudsmanı ilə FİDH arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ölkəmizdə səfərdə olan İnsan Hüquqları üzrə Beynəlxalq Federasiyanın (FİDH) nümayəndələrini qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, federasiyanın Şərqi Avropa və Mərkəzi Asiya üzrə bölməsinin rəhbəri Aleksandra Kulayeva bildirib ki, rəhbərlik etdiyi beynəlxalq araşdırma missiyasının Azərbaycana səfərinin məqsədi ölkəmizdə insan hüquqları üzrə vəziyyəti öyrənməkdən ibarətdir.

Müvəkkil Elmira Süleymanova ölkəmizdə insan hüquqlarının həyata keçirilməsi istiqamətində görülmüş işlər, respublikamızın bir sıra beynəlxalq konvensiyalara qoşulması, insan hüquqları sahəsində müvafiq qanunvericiliyin beynəlxalq hüquqi aktlara uyğunlaşdırılması həmçinin insan hüquqları sahəsində fəaliyyəti barədə ətraflı məlumat verib. O, təsisatın 10 ildən artıq müddətdə səmərəli fəaliyyət göstərdiyini, dövlət qurumları və QHT-lərlə yanaşı, nüfuzlu beynəlxalq təşkilatlarla-BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı, ATƏT, Beynəlxalq və Avropa Ombudsmanları İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası ilə sıx əməkdaşlıq şəraitində çalışdığını diqqətə çatdırıb. Müvəkkil təsisatın Avropa Birliyinin Şərq Tərəfdaşlığı, Tvinninq və TAİEX layihələri çərçivəsində fəal iştirak etdiyini söyləyib.

Müvəkkil bildirib ki, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" (MFP) uğurla icra olunur, adı çəkilən sənədin təbliği məqsədilə Ombudsman tərəfindən bütün rayonları əhatə etməklə regional ictimai dinləmələrin keçirilir. Bu yaxınlarda Müvəkkili tərəfindən ictimai dinləmələrin yeni mərhələsinə başlanılacağı vurğulanıb.

Bildirilib ki, "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunun respublikamız tərəfindən ratifikasiya olunduğunu nəzərə alaraq, Ombudsman təsisatı milli preventiv mexanizm kimi müəyyən edilib. Bundan başqa, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə nəzarət də Ombudsmana həvalə olunub.

Süleymanova qeyd edib ki, aparatda "İşgəncələrin qarşısının alınması şöbəsi" yaradılıb. MPM qismində fəaliyyətin səmərəli təşkili üçün Müvəkkil tərəfindən yaradılıb, təsisatın əməkdaşlarının, o cümlədən həkimin də daxil olduğu 17 nəfərlik Milli Preventiv Qrup (MPQ) ötən il də fəaliyyətini uğurla davam etdirib. Ötən il MPQ respublikada fəaliyyət göstərən 240 azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerinə, həmçinin penitensiar müəssisələr, müvəqqəti saxlama təcridxanaları, habelə sosial obyektlər, ahıllar və əlillər üçün internat evləri və pansionatlar, psixiatriya xəstəxanalarına mütəmadi olaraq plan üzrə və ya təxirə salınmadan, əvvəlcədən xəbərdarlıq edilmədən 411, o cümlədən plan üzrə 322, plandankənar isə 89 başçəkmə həyata keçirib. Başçəkmə zamanı rəftar, saxlanma şəraiti, sənədləşmə, tibbi xidmətin vəziyyəti, qidanın rasionu və keyfiyyəti, habelə məhkumlara tətbiq olunan islahetmə vasitələri, onların asudə vaxtının təşkili kimi məsələlər xüsusi diqqətdə saxlanılmış, saxlanılan şəxslərlə təklikdə və konfidensial görüşlərə üstünlük verilib. Başçəkmələr zamanı cəzaçəkmə müəssisələrinin rəhbərlərinə verilmiş əvvəlki tövsiyələrin icrası vəziyyəti yoxlanılır. Ötən il keçirilmiş başçəkmələrlə bağlı hazırlanmış 83 press reliz KİV-də yayımlanıb, ingilis dilinə tərcümə edilərək Avropa Şurasının İnsan hüquqları üzrə Komissarına göndərilib.

Müvəkkil son dövrdə ölkəmizdə insan hüquqları sahəsində yeni normativ hüquqi aktların qəbul olunduğunu, qanunun və cəzaların liberallaşdırıldığını, penitensiar müəssisələrdə saxlanma şəraitinin və rəftarıın təkmilləşdirildiyini vurğulayıb.

ATƏT-lə sıx əməkdaşlıqda MPM-lə bağlı beynəlxalq ekspertlərin də iştirak etdiyi birgə treninq-seminarların keçirildiyi vurğulanıb. Bildirilib ki, ATƏT-in Bakı Ofisi və Avropa Şurasının təşkilatçılığı ilə əməkdaşlıqda "Tutulma və həbsə dair beynəlxalq standartlar", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Qanunun tətbiqi və pis rəftara qarşı mübarizə mövzusunda" keçirilmiş təlimçilər üçün təlimdə Ombudsmanının MPQ -nin üzvləri də fəal iştirak ediblər.

Aleksandra Kulayeva təmsil etdiyi beynəlxalq qurumun dünyada insan hüquqları sahəsində fəaliyyət göstərən ilk hüquq-müdafiə təşkilatlarından olduğunu, 1922-ci ildə yaradılmış, mənzil-qərargahı Parisdə yerləşən bu qurumun insan hüquqlarının müxtəlif aspektləri üzrə monitorinqlər, eyni zamanda maarifləndirici təlimlər, treninq-seminarlar keçirdiyini, təcrübə mübadiləsi apardığını vurğulayıb, həmçinin Ombudsmanla əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.

Qonağın Ombudsman təsisatının qaynar xətləri və Müvəkkilin MPM üzrə hesabatları ilə bağlı sualları cavablandırılaraq bildirilmişdir ki, ölkənin bütün şəhər və rayonlarının polis idarəsi, şöbə və bölmələrində "qaynar xətlər"in telefon nömrələrinin də göstərildiyi "İşgəncələr haqqında məlumatı Ombudsmana ötür!" başlıqlı müvafiq elanlar asılıb. Ombudsman qeyd edib ki, "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə milli preventiv mexanizm qismində fəaliyyətə dair" 2009-2010-cu və 2011-ci illər üzrə hesabat Azərbaycan və ingilis dillərində nəşr olunaraq təsisatın saytında yerləşdirilib, ictimaiyyətə və ixtisaslaşmış beynəlxalq qurumlara təqdim olunmuş, bu sahədə fəaliyyət müsbət dəyərləndirilib. Qeyd olunub ki, Ombudsmanın fəaliyyətində hüquqi maarifləndirmə işinə də mühüm yer verilir, Müvəkkilin və əməkdaşlarının Ədliyyə və Polis Akademiyaları, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında mütəmadi mühazirələr oxuyurlar. Qonaqlara təsisatda hazırlanıb, eyni zamanda ingilis dilindən tərcümə edilmiş hüquqi nəşrlər, plakatlar barəsində də məlumat verilib.

Müvəkkilin media hüquqlarının müdafiəsinə də önəm verdiyi, peşə vəzifəsini yerinə yetirərkən jurnalistlərə qarşı kobud rəftar hallarını daim nəzarətdə saxladığı, həbsdə olan jurnalistlərin hər biri ilə dəfələrlə görüşən Müvəkkil və əməkdaşlarının onların vəziyyətini, sağlıq durumunu, saxlanma şəraitini araşdırdığı bildirilib. Qeyd olunub ki, Müvəkkil media hüquqlarının müdafiəsi, hüquq pozuntusuna yol vermiş KİV nümayəndələrinin cəzalandırılması, tənbehi ilə əlaqədar dünya təcrübəsində mövcud olan alternativ üsulların tətbiqi və məhkum jurnalistlərin əfvi ilə bağlı ölkə Prezidentinə müraciət edib.

Görüşdə gələcək əməkdaşlıq məsələləri də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti