Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İ.İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası peşə liseylərinin məzunları üçün keçirdiyi buraxılış imtahanın nəticələrini Təhsil Nazirliyinə təqdim edən kimi məzunlara attestatların verilməsinə başlanacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov şənbə günü jurnalistlərə deyib.
O bildirib ki, bu il peşə liseylərində keçirilmiş buraxılış imtahanlarının nəticələri ötənilki kimidir.
Mərdanovun sözlərinə görə, yaxın vaxtlarda Bakı, Göyçay, Sumqayıt və Ağstafada müasir tələblərə cavab verən bir neçə peşə təhsili müəssisəsi yaradılacaq.
"Son illər dövlət başçısının göstərdiyi qayğı nəticəsində ölkədəki peşə təhsili müəssisələrinin inkişafı üçün investisiyalar ayrılır, 20-dən çox peşə məktəbində əsaslı təmir işləri aparılıb. Ölkənin bir neçə bölgəsində yeni təhsil müəssisələri tikilib", - Mərdanov deyib.
O qeyd edib ki, 90 illik yubileyi qeyd edilən Dövlət Dəmiryolu Liseyinin bu müddətdə 40 minə yaxın məzunu olub.
"Azərbaycanda 100-dən artıq peşə liseyi var. Onların əksəriyyəti tam gücü ilə işləyir", - nazir əlavə edib.
Mərdanov bildirib ki, hər il peşə liseyinə qəbul olunanların sayı artır. Peşə məktəbini bitirənlərin yarısı öz peşəsi üzrə işlə təmin olunur.
Azərbaycanda yeni peşə təhsili müəssisələri yaradılacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası peşə liseylərinin məzunları üçün keçirdiyi buraxılış imtahanın nəticələrini Təhsil Nazirliyinə təqdim edən kimi məzunlara attestatların verilməsinə başlanacaq.